Dövlət Dəniz və Liman Agentliyi güclü küləklə bağlı gəmi sahiblərinə və limanlara xəbərdarlıq edib

181

Dövlət Dəniz və Liman Agentliyinin Milli Mərkəzinə Ekologiya və Təbii Sərvətlər Nazirliyi Milli Hidrometeorologiya Departamentinin Hidrometeoroloji Proqnozlar Bürosundan təhlükəli hidrometeoroloji hadisə haqqında xəbərdarlıq daxil olub.

Xəbərdarlıqda bildirilir ki, bu gündən Xəzər akvatoriyasında başlayan külək mayın 8-i səhərə kimi davam edəcək. Bu günlər ərzində şimal-qərb, şimal küləyi 18-23 m/s, arabir 25-30 m/s, açıq dənizdə isə arabir 33 m/s-dək güclənəcəyi gözlənilir. Dalğanın hündürlüyü 2.0-4.0 metr, sonrakı inkişafda isə 4.5-6.5 metrə çatacağı proqnazlaşdırılır.

Daxil olan məlumatlar təcili olaraq Milli Mərkəzin mütəxəssisləri tərəfindən təhlil edilib və müvafiq tədbirlər həyata keçirilib. Gəmi sahibləri, liman kapitanları, liman nəzarət müfəttişləri müvafiq tədbirlərin həyata keçirilməsi və xidmətin gücləndirilməsi ilə bağlı Milli Mərkəz tərəfindən təlimatlandırılıb.

Gəmilərin Hərəkətinin İdarəetmə Xidmətinin ərazisində lövbərdə duran və hərəkətdə olan gəmilərə üç dildə azərbaycan, rus, ingilis dillərində navtex və digər rabitə əlaqəsi vasitəsilə hadisə ilə bağlı məlumatlar ötürülüb, müvafiq təlimatlar verilib. Bununla yanaşı, dənizdə neft-qaz platformalarının aid olduğu qurumlar hadisə ilə bağlı məlumatlandırılıb.

Dövlət Dəniz və Liman Agentliyinin Gəmilərin Uzaq Məsafədən Tanınma və İzləmə Milli Mərkəzi tərəfindən Gəmilərin Hərəkətinin İdarəetmə Xidmətinin cavabdehlik ərazisində mövcud olan bütün texniki vasitələrlə müşahidənin gücləndirilməsi və gəmilərin hərəkətinin təhlükəsizliyinin təmin edilməsi istiqamətində fasiləsiz xidmət həyata keçirilir.

ardda.gov.az