İki limanın birləşməsi ilə Avropanın ən böyük yükaşırma mərkəzi yaradılır

64

“Seanews.az” xəbər verir ki, Antverpen və Zeebrugge (Belçika) limanları vahid Antverpen-Brügge liman kimi birləşdirilir. 2022-ci il aprelin 22-də keçirilən növbədənkənar ümumi yığıncaqda Belçikanın iki şəhərinin nümayəndələri müştərək liman idarəetmə şirkəti üçün səhmdar müqaviləsi imzalayıblar. Bu barədə limanın saytında məlumat verilib.

Şimal dənizindən 90 km məsafədə Şelda çayının üzərində yerləşən Antverpen (Belçika) dəniz və çay limanı “Capesize” sinifli gəmilər də daxil olmaqla eyni vaxtda 400-ə qədər gəmi qəbul edə bilir. Limanın 5 – 17,5 metr dərinlikdə yanalma körpülərinin uzunluğu 100 km-ə çatır. Antverpen Şimal dənizinin əksər limanlarından daha əlverişli yerdə yerləşir: onun terminalları dəmir yolu, çay və avtomobil nəqliyyatı vasitəsilə ölkənin daxili hissələri ilə bağlıdır. Liman işlənən yüklərin həcminə görə Avropada Rotterdamdan sonra ikinci yerdədir.

Zeebrugge dəniz limanı Şimal dənizinin sahilində yerləşir və inzibati cəhətdən Brugge şəhərinin bir hissəsidir. Liman Avropanın ən mühüm idxal məntəqələrindən biridir, orada emal edilən malların yalnız 10%-i Belçika istehsalıdır.

Limanların birləşməsi prosesinin başlanması barədə hələ 2021-ci ilin fevralında məlumat verilmişdi. Vahid limanın yaradılması ən azı 74 000 birbaşa və 90 000 əlaqəli iş yeri yaradacaq.

Antverpen-Brügge limanı konteyner, qalaq, “Ro-Ro” və kimyəvi yüklərin aşırılması üzrə ixtisaslaşacaq. İlkin proqnozlara görə, Antverpen-Brügge birləşmiş limanının yük dövriyyəsi ildə 278 milyon tona çatacaq. Avropanın ən böyük limanı ildə 147 milyon ton ixrac yükünü aşıra biləcək.