Dövlət Dəniz və Liman Agentliyində Ümummilli Lider Heydər Əliyevin 99-cu ildönümü qeyd olunub

284

Dövlət Dəniz və Liman Agentliyində Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 99-cu ildönümü münasibətilə “Azərbaycanda dəniz nəqliyyatı sahəsinin inkişafında Heydər Əliyevin rolu” mövzusunda tədbir keçirilib.

Əvvəlcə Agentliyin İdarə Heyəti və əməkdaşları Fəxri Xiyabana gələrək müstəqil Azərbaycan dövlətinin qurucusu, Ümummilli Lider Heydər Əliyevin məzarını ziyarət edib, abidəsi önünə gül dəstələri qoyaraq sonsuz ehtiramlarını bildiriblər.

Görkəmli oftalmoloq alim, akademik Zərifə Əliyevanın da xatirəsi anılıb, məzarına gül dəstələri düzülüb.

Dövlət Dəniz və Liman Agentliyinin İdarə Heyətinin sədri Arif Məmmədov Ulu Öndərin anadan olmasının 99-cu ildönümü münasibətilə təşkil olunan tədbirdə Ümummilli Liderin Azərbaycan dövləti və xalqı qarşısında misilsiz xidmətləri barədə danışıb. Bildirib ki, bu gün ölkəmizin qüdrətli yüksəlişi, inkişafı Heydər Əliyevin müdrik ideyalarının təntənəsidir. Diqqətə çatdırılıb ki, dahi şəxsiyyət Azərbaycana rəhbərlik etdiyi bütün dövrlərdə dəniz nəqliyyatı sahəsinə də xüsusi diqqət göstərib və onun rəhbərliyi ilə atılan addımlar bu sahənin inkişafında müstəsna rol oynayıb. Sədr onu da vurğulayıb ki, Azərbaycanda dəniz nəqliyyatı sahəsinin inkişafını şərtləndirən neft strategiyasının və Azərbaycanın Şərqlə Qərb arasında mühüm tranzit ölkəyə çevrilməsini təmin edən siyasətin əsası məhz Heydər Əliyevin hakimiyyəti illərində qoyulub.

Tədbirdə “Əsrin müqaviləsi”nin imzalanması və tarixi “İpək yolu”nun bərpası ilə bağlı Bakı konfransı haqqında da danışılıb. Bundan başqa, ölkəmizin Beynəlxalq Dəniz Təşkilatına üzv qəbul olunmasının 1995-ci ildə məhz Ulu Öndərin rəhbərliyi ilə baş tutduğu qeyd olunub və bunun Azərbaycanın dəniz nəqliyyatı sahəsinin inkişafına verdiyi töhfələrdən bəhs edilib.

Tədbirdə Ümummilli Lider Heydər Əliyevin layiqli davamçısı Prezident İlham Əliyevin rəhbərliyi altında Azərbaycanın bütün sahələrdə dinamik inkişafından, həm neft, həm də tranzit strategiyalarının uğurlu icrasından, həmçinin müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə rəşadətli Azərbaycan ordusunun Vətən müharibəsində qazandığı tarixi qələbədən söz açılıb, torpaqlarımızın işğaldan azad olunmasının hər bir azərbaycanlı üçün hədsiz qürur və iftixar mənbəyi olduğu vurğulanıb.