Türkiyədə Beynəlxalq Transxəzər Nəqliyyat Marşrutuna dair tədbir keçirilir

150

Türkiyənin paytaxtı Ankarada “Beynəlxalq Transxəzər Nəqliyyat Marşrutu” Beynəlxalq Assosiasiyası Hüquqi Şəxslər Birliyinin Rəyasət Heyətinin və təşkilatın ümumi yığıncağının növbəti toplantısı işinə başlayıb.

Bu barədə “Report”a “Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi” QSC-dən (ASCO) bildirilib.

Məlumata görə, toplantıdan öncə Beynəlxalq Assosasiyaya üzv ölkələrin dəmiryolu, liman administrasiyası, gəmi və nəqliyyat-logistika şirkətlərinin rəhbərləri Ankarada xalqımızın ümummilli lideri Heydər Əliyevin abidəsini ziyarət ediblər. Ulu öndərin abidəsi önünə gül dəstələri düzülüb, dünya şöhrətli siyasətçinin əziz və unudulmaz xatirəsi bir dəqiqəlik sükutla yad edilib, dahi şəxsiyyətin parlaq xatirəsinə dərin ehtiram ifadə olunub.

Yığıncaqda mövcud vəziyyət, dəhlizin inkişaf istiqamətləri və perspektivləri, onun potensialından tam istifadə edilməsi üçün görüləsi zəruri işlər, marşruta yeni yüklərin cəlb edilməsi imkanları müzakirə olunur.

ASCO-nu toplantıda qurumun sədri Rauf Vəliyevin rəhbərlik etdiyi nümayəndə heyəti təmsil edir.