Xudayar Həsənli: “Bakı Limanına Orta Asiyadan taxıl və gübrə yüklərini cəlb edə bilərik”

142

Bu ilin sonu və ya gələn ilin əvvəlində Bakı Beynəlxalq Dəniz Ticarət Limanında illik 2,5 milyon ton aşırma potensialına malik olacaq gübrə terminalı istifadəyə tam hazır olması nəzərdə tutulub.

Bu barədə “Report”a müsahibəsində “Bakı Beynəlxalq Dəniz Ticarət Limanı” QSC-nin Strateji planlaşdırma və inkişaf departamentinin müdiri Xudayar Həsənli bildirib.

Onun sözlərinə görə, hazırda Bakı Limanının üç körpüsündə müxtəlif təyinatlı, əsasən karbamid və kükürd olmaqla müxtəlif növ gübrələr aşırılır: “Gübrə terminalının istifadəyə verilməsi bizə imkan verir ki, Orta Asiyadan daha çox gübrə yükünü cəlb edə bilək və hazırda istifadə edilən körpülərin yüklənməsini aradan qaldırmaqla, yeni geosiyasi vəziyyət nəticəsində yaranmış şəraitdən daha çox yararlana bilək”.

X. Həsənli Bakı Limanında digər terminallarının tikintisini də nəzərdə tutulduğunu bildirib: “Taxıl terminalının tikintisi ilə də bağlı layihə var. Taxıl terminalına Qazaxıstan, Rusiya üzərindən daşınan taxıl yüklərini cəlb etmək olar. Hazırda bəlli olur ki, bizə taxıl üçün, konteyner üçün körpülər lazımdır. Biz Bakı Limanının genişləndirilməsi layihəsinin birinci fazasının potensialından maksimum istifadəetmə potensialına yaxınlaşanda, ikinci fazanın reallaşmasına başlanılacaq. İkinci fazada düşünürük konteyner aşırılmalarına üstünlük verək. Konteyner körpüləri, konteynerlər üçün xüsusi saxlanc yerləri, konteyner dövriyyəsinin artırılması üçün əlavə imkanlar, yükü nəql etmək üçün avadanlıqlar və çeşidləmə mərkəzlərinin yaradılması kimi məsələlər diqqət mərkəzindədir. Bütün bunların hamısı bir-birini tamamlayır”.

Onun sözlərinə görə, yüklərin çeşidlənməsi xüsusi əhəmiyyət kəsb edir: “Logistikada “First in, first out” prinsipi var, liman ərazisinə daxil olan ilk konteyner limanı tərk edən ilk konteyner olmalıdır. Vaqon təminatı da vaxtında olmalıdır, həm girişdə, həm çıxışda vaqon təminatı olmalıdır. Hazırda bu system tətbiq edilir, elə etməliyik ki, yük həcmi artdıqda da bu qanunauyğunluq pozulmasın ki, yüklər operativ formada aşırılsın”.

Müsahibənin tam mətni ilə buradan tanış olmaq olar.