Dövlət Dəniz və Liman Agentliyində təlim-tədris mərkəzlərinin rəhbərləri ilə görüş olub.

687

20 may tarixində Dövlət Dəniz və Liman Agentliyi İdarə Heyətinin sədri Arif Məmmədovun rəhbərliyi ilə dənizçilik sahəsində fəaliyyət göstərən təlim-tədris mərkəzlərinin rəhbərləri ilə görüş keçirilib.

Keçirilən görüşdə son altı ay ərzində Dövlət Dəniz və Liman Agentliyində dəniz nəqliyyatı sahəsinin inkişafı istiqamətində həyata keçirilən islahatlardan danışılıb.

Agentliyin İdarə Heyətinin sədri Arif Məmmədov bildirib ki, dənizçilərin rahatlığının və məmnunluğunun təmin edilməsi istiqamətində atılan mühüm addımlardan biri onlara verilən sertifikatların (diplomlarının) sadələşdirilməsi olub.

Belə ki, 2021-ci ilin dekabr ayından etibarən təkmilləşdirmə kursunu bitirmiş komandir heyəti üzvləri etibarlılıq müddəti bitmiş sertifikatlarını (diplomlarının) yenisi ilə əvəz etmək üçün imtahandan azad olunublar.

İdarə Heyətinin sədri Arif Məmmədov həmçinin sadələşdirmə prosesinin sıravi heyət ixtisasları (növbə matrosu, növbə motorçusu, gəmi elektriki, gəmi aşpazı, gəmi kranoperatoru) üzrə hazırlığı bitirmiş şəxslərə də şamil edildiyi vurğulanıb.

Görüş zamanı cari ilin yanvar-aprel aylarında Beynəlxalq Dəniz Təşkilatının (BDT) rəsmi auditorları tərəfindən keçirilən auidit yoxlamalarından Dövlət Dəniz və Liman Agentliyinin müvəffəqiyyətlə keçdiyi, yoxlamalar zamanı dənizçilik sahəsində təhsil, tədris və təlim prosesinin, dənizçilərin bilik və bacarığının qiymətləndirilməsinin “Dənizçilərin hazırlanmasına, onlara diplom verilməsinə və növbə çəkməyə dair” Beynəlxalq Konvensiyanın tələblərinə uyğunluğu təhlil edilərkən heç bir uyğunsuzluq aşkar olunmadığı diqqətə çatdırılıb.

Dənizçilik sahəsində fəaliyyət göstərən təlim-tədris mərkəzlərinin rəhbərləri də həyata keçirilən islahatları yüksək qiymətləndirərək dənizçilər üçün olduqca faydalı olduğunu, bu sahənin daha da inkişafı üçün perspektiv imkanlara yol açacağına əminliklərini ifadə ediblər.Görüş zamanı mərkəz rəhbərləri dəniz nəqliyyatı sahəsinin inkişafına töhfə verə biləcək yeni təkliflərini irəli sürərək, görüləcək işlərlə bağlı müzakirələr aparıblar.

ardda.gov.az