Azərbaycanın nəqliyyat sistemindən istifadə qonşu dövlətləri də məşğul etməyə başlayıb.

144

Əli Əlirzayev: “Ukrayna müharibəsinin nə zaman bitəcəyi bəlli deyil”

“Açıq dənizə çıxışı olmayan ölkə olmasına baxmayaraq, biz Azərbaycanı önəmli nəqliyyat mərkəzinə çevirdik”. Bunu Prezident İlham Əliyev Azərbaycan-Litva biznes forumunda çıxışı zamanı deyib.

Dövlət başçısının fikrincə, biznes dairələri üçün və bir-birinə o qədər də yaxın yerləşməyən ölkələrimiz arasında əməkdaşlıq üçün dayanıqlı nəqliyyat yollarının olması çox önəmlidir: “Biz Azərbaycanda bunun üzərində uzun illər işləmişik və nəqliyyat şəbəkəsinin şaxələndirilmiş zəncirini yaratmışıq. Mən bunu regionun yeni nəqliyyat xəritəsi adlandırardım, Qafqazlarda, həmçinin Xəzər dənizi boyu və Asiyada. Coğrafi yerləşmənin üstünlüklərindən faydalanaraq biz müasir infrastruktur – dəniz limanı, dəmir yolu bağlantıları, bir neçə beynəlxalq hava limanları, avtomobil yolları yaratdıq. Biz Şərq-Qərb və Şimal-Cənub nəqliyyat dəhlizlərinin üzərində yerləşirik. Həmçinin sizə deyə bilərəm ki, Azərbaycan şimaldan qərbə gedən yükləri də ötürür. Biz infrastruktura yatırımlar etdik. Lakin aydındır ki, qonşu ölkələrlə yaxşı işçi münasibətlər olmadan heç bir ölkə, xüsusilə də Azərbaycan kimi açıq dənizə çıxışı olmayan ölkə tranzit ölkəyə çevrilə bilməz. Açıq dənizə çıxışı olmayan ölkə olmasına baxmayaraq, biz Azərbaycanı önəmli nəqliyyat mərkəzinə çevirdik. Azərbaycanın rolu mütləq şəkildə artacaq. Çünki bu yaxınlarda nəqliyyat infrastrukturumuzun necə istifadə edilməsi ilə bağlı qonşularımızdan çox sayda yeni təkliflər almışıq”.

Görünən odur ki, Rusiya-Ukrayna müharibəsindən sonra Azərbaycan üzərindən Avropaya daşımaların həyata keçirilməsinə maraq əhəmiyyətli dərəcədə artıb. Bütün bunlar isə ölkəmizin artan tranzit rolundan xəbər verir.

  • “Avropa və digər dövlətlər Azərbaycanın tranzit imkanlarından maksimum yararlanmaqda maraqlıdır”

Məsələyə münasibət bildirən iqtisadçı alim, professor Əli Əlirzayev hesab edir ki, Prezident İlham Əliyevin arqumentləri reallığa söykənir: “Məsələ ondadır ki, Ukrayna hadisələri ilə əlaqədar Çindən yüklərin Azərbaycan üzərindən Avropaya daşınması gündəmə gəlib. O cümlədən, digər ölkələr də Azərbaycanın tranzit imkanlarını nəzərdən keçirir. Nəzərə almaq lazımdır ki, Çindən Qazaxıstana, oradan Azərbaycan və Gürcüstan vasitəsilə Avropaya yüklərin daşınması nəzərdə tutulub. Bu ilin fevral-mart aylarında Azərbaycanla Qazaxıstan arasında yükdaşımaları əlaqələndirəcək birgə müəssisə yaradılıb. Aprel ayında isə “Azərbaycan Dəmir Yolları” QSC (ADY) və “Özbəkistan Dəmir Yolları” SC iki ölkə arasında yükdaşımaların artırılması, eləcə də ikitərəfli məsələlərin həlli üçün işçi qrupu yaradıb. Tərəflər “Asiya-Sakit okean ölkələri -Çin- Qırğızıstan- Özbəkistan- Türkmənistan -Azərbaycan – Gürcüstan – Türkiyə- Avropa” beynəlxalq multimodal marşrutunun inkişafı üzrə aparılan fəaliyyətləri, iki ölkənin dəmir yolları qurumları arasında texniki və texnoloji yardım məsələlərini nəzərdən keçiriblər. Bura infrastrukturun və hərəkət tərkibinin saxlanılması, təmir üçün texniki və texnoloji yardımın göstərilməsi, iki ölkə ərazisindən həyata keçirilən yükdaşımaların həcminin artırılması daxildir. Azərbaycan həmçinin Gürcüstan və Türkiyə ilə mövcud olan çox sıx əməkdaşlıq üçbucağının aktiv həlqəsi kimi, üzərinə düşən öhdəlikləri vaxtında yerinə yetirir. Azərbaycan çox önəmli tranzit ölkəsisir. Biz nəzərə almalıyıq ki, Ukrayna müharibəsinin nə zaman bitəcəyi bəlli deyil. Ona görə də Avropa və digər dövlətlər Azərbaycanın tranzit imkanlarından maksimum yararlanmaqda maraqlıdır. Zəngəzur dəhlizi işə düşəndən sonra daşımaların həcmi daha böyük olacaq”.

Professor onu da qeyd etdi ki, Azərbaycanın tranzit ölkə olaraq önəmi artır.

Vidadi ORDAHALLI