XDND sağlam və təhlükəsiz əmək şəraitinin yaradılması üzrə 2021-ci ilin ən yaxşı müəssisələri arasında yer alıb

79

“Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi” QSC-nin (ASCO) Xəzər Dəniz Neft Donanması (XDND) “Sağlam və təhlükəsiz əmək şəraitinin yaradılması üzrə 2021-ci ilin ən yaxşı müəssisəsi (təşkilatı)” devizi ilə Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasının keçirdiyi müsabiqənin qalibləri arasında yer alıb.

Bununla əlaqədar, Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasının nümayəndələri Xəzər Dəniz Neft Donanmasına müsabiqənin Fəxri Diplomu təqdim ediblər.  

ASCO-nun bütün strukturlarında olduğu kimi, XDND-də də sağlam və təhlükəsiz əmək şəraitinin yaradılması mühüm məsələlərdəndir. Donanmada işçilərin fərdi mühafizə vasitələri ilə təminatı, normal iş  şəraitinin yaradılması, təhlükəsizlik qaydalarına əməl edilməsi, istehsalatda bədbəxt hadisələrin baş verməməsi, əmək münasibətləri sahəsində qanunvericiliyə əməl olunmasına hər zaman ciddi nəzarət edilir və bu istiqamətdə davamlı tədbirlər həyata keçirilir.

Qeyd edək ki, “Sağlam və təhlükəsiz əmək şəraiti yaradılmasında ilin ən yaxşı müəssisəsi (təşkilatı)” adı uğrunda müsabiqə AHİK-in təşəbbüsü ilə 2009-cu ildən başlayaraq hər il keçirilir. Müsabiqənin məqsədi ictimaiyyətin diqqətini əməyin mühafizəsi və  təhlükəsizliyinə yönəltməkdir. Müsabiqə qalibinin qiymətləndirilməsi zamanı iş yerlərində ictimai nəzarətin gücləndirilməsi, işçilər üçün əmək şəraitinin yaxşılaşdırılması və ən əsası, insan həyatının təhlükəsizliyinin qorunmasında aparılan işlər əsas meyar kimi götürülür.