Çindən Almaniyaya gedən ilk konteyner yükü ASCO gəmisi ilə Rumıniyaya çatdırılacaq

120

Çinin şimal-qərbindəki Şaansi əyalətinin paytaxtı Sian şəhərindən Almaniyanın Mannhaym şəhərinə gedən ilk konteyner yükü Gürcüstanın Poti limanına çatıb. Yük Poti limanından “Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi” QSC-nin (ASCO) Qara dənizdə müntəzəm fider daşımalara cəlb edilən  “Rəsul Rza” quru yük gəmisi ilə Rumıniyanın Konstanta limanına çatdırılacaq.

Artıq gəmi yükləmə əməliyyatı üçün limana yan alıb. Ümumilikdə gəmiyə 75 ədəd 40 futluq konteyner yüklənəcək.

Xatırladaq ki, Çinin şimal-qərbindəki Şaansi əyalətinin paytaxtı Sian şəhərindən Almaniyanın Mannhaymm şəhərinə gedən yük qatarı Qazaxıstan, Azərbaycan, Rumıniya, Macarıstan, Slovakiya və Çexiyanın ərazisindən keçərək ümumilikdə 11 300 km məsafə qət edəcək.

Onu da qeyd edək ki, Çindən Almaniyaya gedən ilk konteyner yükü Qazaxıstanın Kurık limanından ASCO-nun “Maestro Niyazi” gəmisi ilə Azərbaycanın Hövsan limanına çatdırılmışdı.