Azərbaycan, Gürcüstan və Qazaxıstan Avropaya konteyner daşımaları həyata keçirəcək

76

“Gürcüstan Dəmir Yolları” SC-nin törəmə şirkəti – “GR Logistics” ölkə limanlarından Avropaya fider gəmisi ilə konteyner daşımaları həyata keçirəcək.

“Report”un yerli bürosu xəbər verir ki, bu barədə səhmdar cəmiyyətindən bildirilib.

Məlumata görə,daşınmalar “Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi” QSC (ASCO), “Azərbaycan Dəmir Yolları” QSC-yə (ADY) məxsus “ADY Konteyner” MMC və Qazaxıstanın “KTZ Express” şirkəti və ilə birgə reallaşdırılacaq.

İlk fider gəmisi Poti limanından TEU tipli 146 ədəd konteyneri Rumıniyanın Konstansa limanına çatdıracaq. Limanda yüklənmədən sonra gəmi Almaniya və Macarıstana, daha sonra isə Avropanın digər şəhərlərinə də göndəriləcək.

SC-dən bildirilib ki, Qara dəniz limanları arasında fider xəttinin işə salınması Transxəzər beynəlxalq nəqliyyat marşrutu üzrə yükdaşımaların artmasına kömək edəcək. Konteyner daşımalarının istiqamətləri Avropa-Çin-Avropa və Avropa-Mərkəzi Asiya-Avropadır.

Fider gəmisi Poti/Batumi və Konstansa limanları arasında müntəzəm daşınmalar həyata keçirəcək. 210 TEU konteyner tutumlu gəmi ayda 3 dəfə yola çıxacaq. Layihəni Transqafqaz Beynəlxalq Nəqliyyat Marşrutu Konsorsiumuna daxil olan Avropanın “Grampet” (Rumıniya) şirkəti dəstəkləyir. “Rail Cargo” və “Metrans” şirkətləri də konteyner daşımalarında iştirak edirlər.