Xəzərin “Tatar çölü”: İlləri ömürə çevirən vəhşi cazibə… – REPORTAJ + FOTO

229

Xəzər dənizinin ortasında dörd tərəfi su ilə əhatə olunan bir yaşayış məskəni…

Bura qədim adı Şahilan olan Çilov adasıdır. Hər kəsin bu məkan haqda qısa məlumatı olsa da, oraya istədiyi vaxt gedə bilməz. 

Çilov adasına getmək üçün xüsusi buraxılış icazəsi olmalıdır.

Oxu.Az olaraq Bakı Şəhəri üzrə Təhsil İdarəsinin (BŞTİ) Çilovdakı 131 nömrəli tam orta məktəbinə təşkil etdiyi səfər çərçivəsində adaya getməyi planladıq.

Saat 07:30 – Zığ qəsəbəsində, “Neftqaztikinti” Trestinin yanındakı limandayıq. 

Siyahıda adımız və sənədlərimiz yoxlanıldıqdan sonra gəmiyə minirik. Gəmi sahildən uzaqlaşır və təxminən iki saat sonra Bakıdan 100 km şərqdə yerləşən adaya çatırıq.

Xəzərin az qala ortasında yerləşən adada əhali üçün pulsuz avtobuslar ayrılıb. Elə biz də həmin avtobuslarla məktəbə yollanırıq. 

Məqsədimiz orada yerləşən məktəb barədə gördüklərimizi oxucularımıza çatdırmaqdır.

Xatırlatma:

Çilov tarixən Çilov-Şahilan kimi də adlandırılıb. Buranın keçmiş adlarından “Ronis” farslara, “Jiloy” deyimi isə ruslara məxsusdur. Deyilənlərə görə, Don kazakı Stepan Razin bir müddət bu adanı tutub və sahil bölgələrinə quldur basqınları təşkil edib. 

Rus hidroqrafı F.İ.Soymonov 1763-cü ildə qələmə aldığı kitabında yazır: “Körfəzin sonunda Jiloy adası var. Orada yaşayış əlaməti yoxdur. Bununla belə, Stepan Razin bir ara bura yerləşmişdi”.

Çilov – Xəzər dənizində, Abşeron arxipelaqında Azərbaycana məxsus adadır. Sahəsi 11,5 kv.km, əhalisi 1600 nəfərdən çoxdur. 

Bu ada Abşeron yarımadasından 25 km, Bakıdan isə 100 km şərqdə yerləşir. Pirallahı adası ilə arasında 60-70 km-lik dəniz yolu (boğaz) var. Uzunluğu 4,5 km, eni 3,3 km təşkil edir. Adada qumlu-gilli torpaqlar üstündür, amma ərazi bütünlüklə dəniz qumu və balıqqulağı ilə örtülüb.

Ən hündür yeri 8 m təşkil edir. Sahilləri çox girintili-çıxıntılıdır. Şimal-qərbində Urunos yarımadası, cənub-qərbində isə Cənub Dili burnu yerləşir. Yaşayış məntəqəsinə 1949-cu ildə şəhər tipli qəsəbə statusu verilib. 

Son illər görülən işlər nəticəsində Çilov qəsəbəsinin siması kökündən dəyişib. Yollara asfalt döşənib, idman kompleksinin tikintisi başa çatdırılıb, bütün abonentlərə smart-kart tipli qaz sayğacları quraşdırılıb, müxtəlif diametrli, 28395 m uzunluqda qaz xətti yenilənib, ümumilikdə 100 mindən çox zeytun, küknar, Eldar şamı və digər həmişəyaşıl ağaclar əkilib.

Adada ilk tibbi-stasionar məntəqə 1953-1954-cü illərdə tikilib. Bu gün qəsəbədə iki poliklinika fəaliyyət göstərir. Biri neftçilər, digəri əhali üçün. Bundan əlavə, qəsəbədə bir məktəb və 50 yerlik uşaq bağçası da var. Bağçada 21 uşaq tərbiyə alır.

Yaşıllıq, təmiz küçələr, taxtadan tikilən evlər var… Əhalisi isə gülərüz və qayğılı.

Əvvəllər adada yaşayanların əksəriyyətini ruslar təşkil edib. Bunu elə qəsəbə qəbiristanlığına baxanda da görmək olur. Son illər adada yaşayan azərbaycanlıların sayı artıb. 
Buranın sakinlərinin əksəriyyəti neft sənayesində çalışır. Ona görə də adada günorta saatlarında az adama rast gəlinir. 

Rus admiralı Mark Voynoviç Xəzər dənizinə 1781-ci ildə təşkil etdiyi ekspedisiya zamanı adada olub. 1950-ci illərdə adada hava hücumundan müdafiə hərbi hissəsi yerləşirdi, buradan Bakının şərq hissədən hava hücumundan müdafiəsi təşkil edilirdi. Məktəbin binası da sözügedən hərbi bazada olub. 1951-ci ildən təhsil ocağı kimi fəaliyyət göstərir.

Milli Qəhrəman Rasim İbrahimovun adını daşıyan 131 saylı məktəbdə 34 nəfər çalışır ki, onlardan 19 nəfəri pedaqoji fəaliyyətlə məşğul olur. 200 nəfərlik şagird tutumu olan məktəbdə hazırda 10 sinif olmaqla (şagird sayı az olduğu üçün II və III siniflər birləşdirilib) 72 nəfər şagird təhsil alır. 

Məktəbin direktoru Rafael Musayev deyir ki, müəllimlərin əksəriyyəti adada yaşasa da, qalanları Bakının müxtəlif rayonlarından gəlirlər. Birinci gün dərsdə olmaları üçün onlar bazar günündən adaya gəlirlər. 

Məktəb iki mərtəbədən ibarətdir. Birinci mərtəbəsində Qarabağ müharibəsi zamanı şəhid olmuş məktəbin məzunları – Rasim İbrahimov və Dmitri Kiselyovun xatirə lövhələri var. 

Əslən Füzuli rayonundan olan İbrahimov Rasim Səxavət oğlu 18 aprel 1962-ci ildə Bakı şəhəri Əzizbəyov rayonunun Çilov adasında neftçi ailəsində anadan olub. 1969-cu ildə buradakı 131 saylı məktəbin birinci sinfə gedib və səkkizinci sinfədək həmin məktəbdə təhsil alıb.
1977-ci ildə C.Naxçıvanski adına Hərbi Məktəbə daxil olan R.İsmayılov 1979-cu ilədək burada oxuyub.

1983-cü ildə Almaniyaya hərbi xidmətə göndərilib. 1988-ci ildə Bakıya qayıdan R.İsmayılov 1992-ci ildə Füzuli rayonunun cəsur oğulları ilə birlikdə könüllü özünümüdafiə taboru yaradıb. Bu tabor Füzuli rayonunun kəndlərini mərdliklə qoruyurdu. Onların taboru 1992-ci il 28 iyunda Tuğ kəndi uğrunda döyüşə girir.

Onlarla erməni quldurunu məhv edən döyüşçülər digər dəstə gəlib çatmadığından mühasirəyə düşürlər. Cəsur komandir R.İbrahimov döyüşçü dostlarını mühasirədən xilas edərkən özü düşmənin mühasirəsinə düşür. Ermənilərə təslim olmayan R.İbrahimov: “Azərbaycan zabiti heç vaxt düşmənə təslim olmayacaq!” – deyərək özünü qumbara ilə partladır.

Məktəbdə şəhidlərin muzeyi də yaradılıb. Muzeydə R.İbrahimovun hərbi geyimi, şəxsi qarmonu, şəkil albomu və pioner qalstuku saxlanılır. Eləcə də Vətən müharibəsinin şəhidlərinə aid məlumatlar yer alır.

Bizimlə birlikdə Bakı Şəhəri üzrə Təhsil İdarəsinin (BŞTİ) müdiri Mehriban Vəliyeva da ilk dəfədir ki, adadakı məktəbə səfər edirdi. O qeyd edib ki, BŞTİ-dən buraya 15 ildir ki, kimsə gəlməyib:

“Artıq biz düşünürük ki, bu məktəb bizim üçün doğma məkan olacaq, müşahidələrimizi müzakirə edəcəyik və lazımi dəstəyi göstərəcəyik. Bundan sonra çalışacam ki, Çilov adasının məktəbində də yeni innovativ baxışlar yer alsın. Əminəm ki, əl-ələ verib bu məktəbə tamamilə yeni nəfəs və baxış gətirəcəyik”.

Daha sonra M.Vəliyeva müəllim və valideynlərlə görüşüb. Məktəb-ailə, müəllim-valideyn əməkdaşlığının şagirdlərin təlim-tərbiyəsindəki rolundan danışan M.Vəliyeva tədris prosesinin təşkilinin daha da təkmilləşdirilməsi istiqamətində belə əməkdaşlığın vacibliyini vurğulayıb. 

Məktəbdə əvvəllər rus bölməsi olub. 1988-ci ildən bəri rus bölməsinə paralel olaraq Azərbaycan bölməsi də yaradılıb. 2008-ci ildə isə rus bölməsi bağlanıb. Hazırda məktəbin bir məzunu İtaliyada magistr təhsili alır.

Buradakı şagirdlər də təhsildən məmnundurlar. Müəllim, polis, dənizçi olmaq istəyirlər.

Məktəbin direktoru Rafael Musayev deyir ki, 1999-cu ildə buraya tədris üçün göndərilib:

“O vaxt mənə dedilər ki, bir il işlə, sonra yerini dəyişərsən. Elə o vaxtdan burada qaldım. 2005-ci ildən məktəbin direktoru kimi fəaliyyət göstərirəm. Buradakı bütün müəllimlər ürəklə işləyirlər. Şagirdlərin əksəriyyəti ali məktəbə qəbul olur. Qəbul imtahanlarında 100 faizlik nəticə göstərən şagirdlərimiz də olub”.

Riyaziyyat fənnini tədris edən Novruz Muradov və kimya fənnini tədris edən Təranə Muradova 20 ildən çoxdur bu məktəbdə dərs deyirlər. Qazaxdan olan müəllim ailəsi illər əvvəl adaya köçüb:

“Dörd övladımız var və hamısı burada təhsil alıb. Pirallahıda evimiz var, uşaqlarımız orada yaşayırlar. Biz də tətil olanda evimizə gedirik”.

İbtidai sinif müəllimi kimi çalışan Tahirə Musayeva 20 il bundan qabaq yaşadığı Ağstafa rayonundan adaya dərs demək üçün gəlib:

“Əvvəllər qısa vaxt üçün gəlmişdim, sonra kollektivin yaxşı olduğunu gördüm və qaldım. 20 ildir, adadayam, yaşadığım yerlərə sadəcə tətillərdə gedirəm”.

Burada 2014-cü ildən çalışan gənc müəllimlər də var. Onlar deyirlər ki, ilk günlər gediş-gəliş çətin olub, daha sonra adaya sevgiləri artdığı üçün indi bu problem yoxdur.

İbtidai sinif müəllimi olan Səminə İbrahimova da ailəsi ilə birlikdə Masallı rayonundan buraya köçüb:

“22 ildir, burada çalışıram. Uşaqlarım da bu məktəbin məzunu olublar, indi isə tələbədirlər. Burada yaşamaq yaxşıdır. Sakitlikdir. Onun üçün ailəmlə burada yaşamaq qərarına gəldik”.

Əgər sakinlərdən kimsə adanı tərk etmək istəsə, mütləq bir gün əvvəldən adını siyahıya yazdırmalıdır. Güclü külək olarsa, onlar adanı tərk edə bilmirlər…

Müəllimlərin hekayələrini dinlədikcə Dino Buzzatinin “Tatar çölü” romanının qəhrəmanı, gənc leytenant Covanni Droqo ağlımdan keçir. Düşünürəm ki, bəlkə də, o müəllimlər də gənc zabit kimi taleyin hökmünə boyun əyiblər, həyatın mənasını bir gün bu adadan getməkdə görüblər. Ancaq zamanla mənanı elə burada tapıblar.

Bəlkə də, özlərinə vaxt da qoyublar burada nə qədər qala bilərlər. Elə bəlkə də, onları burada saxlayan, Droqo kimi, qürur olub, müəllim qüruru. Beləcə, adanın vəhşi cazibəsi onların həyatına yön verib…

İlhamə Əbülfət