BP: AÇG-də yeni platformadan hasilat gələn ilin sonunda başlayacaq

95

“Azəri-Çıraq-Günəşli” meqastrukturunun işlənməsinin növbəti mərhələsi çərçivəsində ilk neftin hasilatı 2023-cü ilin sonuna planlaşdırılır.

“Report” xəbər verir ki, bunu “Şahdəniz” layihəsinin operatoru, Böyük Britaniyanın BP şirkətinin regional vitse-prezidenti Bəxtiyar Aslanbəyli deyib.

Onun sözlərinə görə, ilin sonuna qədər “Mərkəzi-Şərqi Azəri” platformasının tikintisinin başa çatdırılması, gələn ilin sonuna isə quyuların açılması və neft hasilatına başlanması planlaşdırılır.

Yeni platforma AÇG hasilat platosunu genişləndirə və onu nisbətən sabit saxlaya biləcək.

Layihəyə investisiyalar 6 milyard ABŞ dolları təşkil edəcək. Buraya yeni dəniz hasilat platformasının və sutkada 100 min barelə qədər neft hasil etmək üçün nəzərdə tutulmuş qurğuların tikintisi daxildir.

Bütün istismar müddəti ərzində bu platformadan hasilatın 300 milyon barrelə qədər olacağı gözlənilir. Yeni platforma mövcud infrastrukturla inteqrasiya olunacaq.