Vitse-prezident: “BP Azərbaycanın neft-qaz sektorunun dekarbonizasiyasına kömək edəcək”

175

Böyük Britaniyanın BP şirkəti Azərbaycanın neft və qaz sektorunun dekarbonizasiyasına kömək etmək niyyətindədir.

Bunu “Report”a açıqlamasında BP-nin Azərbaycan-Gürcüstan-Türkiyə üzrə regional vitse-prezidenti Nail Henderson deyib.

Onun sözlərinə görə, şirkət Azərbaycanın Cənub-Qərbində günəş elektrik stansiyası layihəsinin həyata keçirə biləcəyindən əmindir: “Ümid edirik ki, bununla Azərbaycanın neft və qaz sektorunun dekarbonizasiyasına kömək edə bilərik. BP və Azərbaycanın Energetika Nazirliyi uzun müddətdir ölkənin Cənub-Qərbində, Cəbrayıl rayonunun ərazisində günəş elektrik stansiyası layihəsini həyata keçirmək üçün birgə işləyir”.

N.Henderson düşünür ki, hər iki tərəf böyük tərəqqiyə nail olub: “Biz günəş enerjisi istehsalçılarının, həm özəl, həm də ictimai sektorda ola biləcək potensial alıcıların xeyrinə işləyəcəyini düşündüyümüz çox innovativ həlli müəyyən etdik. Düşünürük ki, bu, gələcəkdə Azərbaycanda günəş və külək enerjisi istehsalçılarına kömək edəcək bir həll olacaq. Ona görə də iyunun 4-də Şuşada razılaşma imzalamaqla növbəti addımı atmağı qərara aldıq. Nazirliklə birlikdə ümid edirik ki, bu, bizi layihənin icrasına daha da yaxınlaşdıran həqiqətən böyük bir addım olacaq. Biz buna çox əminik”.

Qeyd edək ki, BP Cəbrayılda 240 MVt gücündə günəş elektrik stansiyasının tikintisini həyata keçirəcək. İlkin olaraq layihənin 200 milyon ABŞ dolları dəyərində olacağı proqnozlaşdırılır.

Ötən il iyunun 3-də Energetika Nazirliyi və BP GES-in tikintisi layihəsinin qiymətləndirilməsi və həyata keçirilməsi fəaliyyəti üzrə əməkdaşlığa dair İcra Sazişi imzalayıblar. Bu sənədə işğaldan azad olunmuş ərazilərdə “yaşıl enerji” zonasının yaradılması, Azərbaycanın bərpa olunan enerji sektorunun inkişafı ilə bağlı strateji qərarı və 2030-cu ilədək karbon qazı emissiyalarını 35 %-dək azaltmaq öhdəliyinin, BP-nin isə 2050-ci ilədək “xalis sıfır emissiya”lı şirkətə çevrilmək strategiyasının icrası çərçivəsində imza atılıb.

Bu il iyunun 4-də Şuşada Azərbaycan Dövlət Neft Şirkəti (SOCAR) ilə BP arasında Azərbaycanda texniki və maliyyə cəhətdən mümkün olan aşağı karbonlu enerji layihələrinin birgə işlənməsi potensialının müəyyən edilməsi və qiymətləndirilməsi istiqamətində birgə fəaliyyətə dair əməkdaşlıq haqqında saziş imzalanıb.