“Zəngin hövzələr” layihəsi çərçivəsində körpə nərə balıqları Kür çayına buraxılıb

83

Azərbaycanın daxili su hövzələrinin bioresurslarının mühafizəsi və bərpasına yönəlmiş genişmiqyaslı “Zəngin hövzələr” layihəsi çərçivəsində IDEA İctimai Birliyi və Ekologiya və Təbii Sərvətlər Nazirliyinin birgə təşkilatçılığı ilə iyunun 10-da körpə nərə balıqlarının Kür çayının mənsəbinə buraxılması həyata keçirilib.

“Report” xəbər verir ki, IDEA və ETSN rəsmilərinin, Yaponiyanın Azərbaycandakı səfirinin, “Azerbaijan Fish Farm” MMC-nin nümayəndələrinin, könüllülərin və məktəblilərin iştirakı ilə keçirilən tədbir zamanı “Xıllı Balıq” MMC və “Azerbaijan Fish Farm” MMC-də yetişdirilən 1000 ədəd nərə balıq körpəsi Kür çayına buraxılıb.

Qeyd edək ki, iyun ayının sonunadək 565 min nərə balığının Kür çayına buraxılması planlaşdırılır.

“Zəngin hövzələr” layihəsi balıq növlərinin təbii populyasiyasının artırılması, balıqartırma zavodlarında yetişdirilən müxtəlif növ balıq körpələrinin təbii mühitə buraxılması, eləcə də daxili su hövzələrində çirkləndirilmənin azaldılması, qanuni və sivil qaydalarla balıq ovunun təşviqi üzrə tədbirlərin həyata keçirilməsini nəzərdə tutur.

Xatırladaq ki, “Zəngin hövzələr” layihəsinə 2020-ci ilin may ayında start verilib. Təkcə 2021-ci ildə 6 milyona yaxın müxtəlif növ balıq körpəsi su hövzələrinə buraxılıb.

“Xıllı Balıq” MMC və digər balıqartırma zavodlarında yetişdirilən nərə balıqlarının müntəzəm olaraq təbii su hövzələrinə buraxılması nəsli kəsilməkdə olan növlərin təbii populyasiyasının artırılmasını hədəfləyir.

Son onilliklər ərzində Xəzər dənizinin nadir balıq növlərinin populyasiyası insan fəaliyyətinin mənfi təsirləri, o cümlədən çirklənmə, qaçaqmalçılıq və həddən artıq ovlanma nəticəsində məhvolma təhlükəsi həddinə çatıb. Bununla əlaqədar Heydər Əliyev Fondunun vitse-prezidenti, IDEA İctimai Birliyinin təsisçisi və rəhbəri Leyla Əliyevanın təşəbbüsü ilə Azərbaycanın və Qafqaz regionunun su faunasının qorunması və bərpası üzrə bir sıra mühüm təşəbbüslər həyata keçirilir.

Qeyd edək ki, balıqların kürütökmə dövrü ilə əlaqədar hər il ölkəmizdə may ayının 1-dən etibarən balıq ovuna 4 aylıq moratorium tətbiq edilir.

Layihə təşkilatçıları bütün vətəndaşları balıq ehtiyatlarının qorunmasına, məsuliyyətli balıq ovlanmasının təşviqinə dəstək verməyə, balıq ehtiyatlarının artımının qarşısını alan bütün hərəkətlərdən imtina etməyə çağırır.