Türkiyənin yeni kəşfiyyat-qazma gəmisi “Əbdülhəmid Han” fəaliyyətə hazırlanır

80

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Qara dənizdə aparılan qazma işlərini intensivləşdirmək üçün “Fatih”, “Yavuz” və “Qanuni” gəmilərinə əlavə olaraq fəaliyyətə başlayacaq yeni kəşfiyyat-qazma gəmisinə Osmanlı sultanı “Əbdülhəmid Han”ın adının verildiyini açıqlayıb.

AZƏRTAC xəbər verir ki, Türkiyə dövləti tərəfindən yeni alınan gəmi hazırda ölkənin Mərsin vilayətində yerləşən Taşucu limanında təmir işləri üçün dayanıb. Artıq qırmızı-ağ rəngə boyanan “Əbdülhəmid Han”ın üzərində Türkiyə bayrağı işlənib. Yaxın günlərdə gəminin adı da yazılacaq.

Ən son texnologiyalarla təchiz olunmaqla yanaşı, ikiqat təhlükəsizlik sistemi ilə də seçilən “Əbdülhəmid Han” gəmisinin uzunluğu 238, eni isə 42 metrdir. Gəmi 12 200 metrə qədər dərinlikdə qazma qabiliyyəti ilə Türkiyənin su sahəsində effektiv tədqiqatların aparılmasında mühüm rol oynayacaq.

Gəminin göyərtəsində 200 nəfərə qədər heyət üzvünün yerləşdirilməsinə imkan var.