Dövlət Dəniz və Liman Agentliyinin sədri Avropa Dəniz Təhlükəsizliyi Agentliyinin icraçı direktoru ilə görüşüb.

75

Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin tabeliyində fəaliyyət göstərən Dövlət Dəniz və Liman Agentliyinin İdarə Heyətinin sədri Arif Məmmədov Avropa Dəniz Təhlükəsizliyi Agentliyinin (EMSA) icraçı direktoru Maya Markovcic Kostelakla görüşüb.

İdarə Heyətinin sədri Arif Məmmədov EMSA-nın icraçı direktorunu təşkilatın yaradılmasının 20 illiyi münasibətilə təbrik edib, ölkəmizdə rəqabətədavamlı dəniz nəqliyyatı sahəsinin formalaşdırılması istiqamətində həyata keçirilən islahatlardan danışıb. Həmçinin beynəlxalq tərəfdaş kimi EMSA ilə əməkdaşlığın dərinləşdirilməsinin və qarşılıqlı əlaqələrin əhəmiyyətini vurğulayıb.

Görüşdə EMSA-nın 2017-ci ilin yanvar ayından həyata keçirdiyi, Xəzər və Qara dəniz ölkələrində dəniz üzgüçülüyünün təhlükəsizliyinin və dənizin gəmilərdən çirkləndirilməsinin qarşısının alınması istiqamətində fəaliyyətin gücləndirilməsini hədəfləyən layihədə Azərbaycanın iştirakı barədə fikir mübadiləsi aparılıb, layihə çərçivəsində EMSA-nın ölkəmizə dəstəyinə görə qarşı tərəfə minnətdarlıq ifadə edilib.

Eyni zamanda, dövlət liman və bayraq nəzarəti müfəttişləri, gəmilərin hərəkətini idarəetmə sisteminin operatorlarının bilik və bacarıqlarının artırılması məqsədilə təlimlərin keçirilməsi ilə bağlı EMSA tərəfindən Dövlət Dəniz və Liman Agentliyinə dəstək verilməsi razılaşdırılıb.

Sonra Dövlət Dəniz və Liman Agentliyinin İdarə Heyəti sədrinin rəhbərlik etdiyi nümayəndə heyəti EMSA-nın Dəniz Dəstək Xidmətləri Mərkəzinin fəaliyyəti ilə yaxından tanış olub. Həmçinin dənizin neftlə çirkləndirilməsinin peyk vasitəsilə monitorinqi ilə bağlı “CleanSeaNet” xidməti haqda təqdimata baxıb.