ADDA-NIN MƏTBƏƏSİNDƏ YENİ KİTABLAR ÇAP EDİLİB

108

Azərbaycan Dövlət Dəniz Akademiyasının mətbəəsində mütəmadi olaraq tələbələr üçün yeni vəsaitlərin çapı həyata keçirilir. Bura həm ixtisas fənləri, həm də Akademiyada tədris olunan digər ümumi fənlər üzrə dərsliklər, dərs vəsaitləri və metodik göstərişlər daxildir.

   Bu günlərdə mətbəədə professor Vaqif Həsənov, dosent Leyla Həsənova və assistent Nazilə Abdullayevanın müəllifliyi ilə dərc olunmuş “Texniki mexanikadan laboratoriya praktikumu” adlı dərs vəsaitində laboratoriya işləri üzrə təlimatlar, təcrübi qurğular haqqında ətraflı məlumatlar yer alıb. Nəzəri hissədə laboratoriya işlərinin yerinə yetirilməsinə aid qısa və kifayət qədər dolğun materiallar verilib. Təcrübi hissədə isə sınaqların aparılması üçün lazəm olan laboratoriya avadanlıqları, maşın və mexanizmlərin konstruksiyası, sxemləri, quruluşları və iş prinsipləri öz əksini tapıb.

   Professor Vaqif Həsənov, dosent Aydın Abbasquliyev və dosent Rafiq Əsgərovun müəllifliyi ilə “İQ səviyyəsinin təyin edən məntiq testləri” adlı dərs vəsaitində tələbələrin məntiqi təfəkkürünü inkişaf etdirmək məqsədilə DİM-in magistraturaya qəbul proqramına uyğun məntiq tapşırıqları verilib.  

     R.ü.e.d., dosent Rövşən Hümbətəliyevin müəllifliyi ilə “Tətbiqi riyaziyyat” adlı dərs vəsaitində  adi differensial tənliklər və tənliklər sistemi, yüksək tərtibli adi differensial tənliklər, xüsusi törəməli differensial tənliklər, ehtimal klassik tərifi, elementar hadisələr və təsadüfi kəmiyyətlər, riyazi statistikanın əsas elementləri haqqında ətraflı məlumat verilir.

     Dosent Elşən Sultanov və dosent Afaq Səlimovanın müəllifliyi ilə ərsəyə gələn “Elektrik mühəndisliyinin tarixi və metodologiyası” adlı dərs vəsaitində elektrotexnikanın əsas qanunlarının kəşfi, ilk kimyəvi elektrik mənbələri və onların xüsusiyyətləri, üçfazalı dəyişən cərəyanın yaranma tarixi və onun texniki əhəmiyyəti, iş mexanizmlərinin  elektrikləşdirilməsinin tarixi, müasir səviyyəsi və ixtisasın elmi metodologiyası barədə bilgilər verilir.

    Baş müəllim Əlitaleh Qasımovun müəllifliyi ilə tərtib olunmuş  “Mülki müdafiə” adlı dərs vəsaitində kütləvi qırğın və adi silah növləri, onların zədələyici amilləri, güclü təsiredici zəhərləyici maddələr, zəhərləyici maddələrdən mühafizə, fövqəladə hallarda əhalinin mühafizəsinin əsas prinsipləri və üsulları, kimyəvi maddələrin təyini və tibbi yardım və sair məsələlərə aydınlıq gətirilir.

Dərs vəsaitlərindən Akademiyanın tələbələri ilə yanaşı, mühəndislər, tədqiqatçılar və gəmilərdə çalışan mütəxəssislər də  istifadə edə bilərlər.

ADDA.EDU.AZ