“Rəsul Rza” fider gəmisi Konstanta limanından Aktau limanına yola düşüb

130

Çindən və Orta Asiyadan Avropaya, eləcə də əks istiqamətdə konteynerlərlə yükdaşımalarda vacib nəqliyyat halqası olan, Qara dəniz limanları arasında fəaliyyət göstərən “Rəsul Rza” fider gəmisi Rumıniyanın Konstanta limanından növbəti reysinə çıxıb.

“Report” xəbər verir ki, bu barədə “Azərbaycan Dəmir Yolları” QSC-nin törəmə şirkəti olan “ADY Konteyner” MMC məlumat yayıb.

Bildirilir ki, bu dəfə gəmi ilə Gürcüstanın Batumi limanına Avropadan Orta Asiya ölkələri üçün nəzərdə tutulmuş qida məhsulları çatdırılıb. Yüklər xüsusi soyuducu sistemə malik 24 konteynerə yüklənib. 40 futluq konteynerlərin Konstantadan Qazaxıstanın Aktau limanına 14 gün ərzində çatdırılması nəzərdə tutulub.

Qeyd edək ki, dəmiryolu ilə yükdaşımalarda konteynerlərin hər iki istiqamətdə dolu daşınması rentabelliyi təmin edən əsas amillərdəndir.

Qara dənizdə fider daşımaları ADY Konteyner və ASCO-nun (Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi) birgə layihəsi çərçivəsində həyata keçirilir. Konteynerləri Batumidən Konstanta limanına və əks istiqamətdə çatdıracaq gəmi ayda reys həyata keçirəcək.

Bu marşrut üzrə yükdaşımalarla bağlı daha ətraflı məlumat almaq üçün [email protected] elektron poçtuna müraciət edə bilərsiniz.