“DP World” və Səudiyyə Ərəbistanının Limanlar İdarəsi Ciddə Logistika Parkına sərmayə qoyacaq

118

Beynəlxalq terminal operatoru “DP World” və Səudiyyə Ərəbistanının Limanlar İdarəsi (“Mawani”) Ciddə İslam Limanında ən müasir logistika parkının tikintisi üçün 30 illik əməkdaşlıq müqaviləsi imzalayıb.

“Seanews.az” xəbər verir ki, investisiya layihəsinin dəyəri 500 milyon Səudiyyə riyalından (133,33 milyon dollar) çoxdur.

Layihəyə görə, “Ciddə Logistika Parkı” 415 min kvadratmetr sahədə təxminən 250 min TEU tutumu olan yerüstü konteyner anbarı və gələcəkdə 200 min kvadratmetrə qədər genişləndirilməsi imkanı ilə  100 min kvadratmetr sahəsi olan anbarlar ilə logistika parkı tikiləcək.

Sahəsi 415 min kvadratmetr olan logistika parkının yaradılması Ciddə limanında əməliyyatları sürətləndirəcək, həm idxalçılar, həm də ixracatçılar üçün logistika vaxtını və xərclərini azaldacaq. Park yüklərin daşınması, etiketlənməsi, paketlənməsi və ya bölünməsi ilə yanaşı, malların idarə olunan temperaturda saxlanmasını, liman əməliyyatlarını malların qapıdan-qapıya çatdırılması ilə əlaqələndirəcək inteqrasiya olunmuş logistik xidmətlər platformasını təmin edəcək.

2020-ci ilin aprel ayında “DP World”, Ciddə Limanında Cənub Konteyner Terminalının istismarını və idarə edilməsini növbəti 30 il müddətinə uzatmaq üçün “Mawani”ilə yeni bir konsessiya müqaviləsi imzaladı və terminalın genişləndirilməsi və modernləşdirilməsi üçün ümumilikdə 3 milyard riyaldan (800 milyon dollar) çox sərmayə qoymağı öhdəsinə götürdü.

Terminalın modernləşdirilməsi layihəsinin dörd fazasının 2024-cü ilə qədər başa çatdırılması planlaşdırılır. Layihəyə ətraf mühitlə bağlı öhdəliklərə əlavə olaraq, infrastrukturun təkmilləşdirilməsi, o cümlədən su axını və yanalma dərinliyinin artırılması, həmçinin müasir avadanlıq və texnologiyaların quraşdırılması, avtomatlaşdırma və rəqəmsallaşdırma proqramları daxildir.

“DP World”-dən bildirib ki, tamamlandıqdan sonra təkmilləşdirilmiş terminal Ciddə limanının konteyner ötürmə qabiliyyətini indiki 2,5 milyon TEU-dan 4 milyon TEU-ya qədər artıracaq və Ciddənin Qırmızı dəniz sahilində əsas ticarət və logistika mərkəzi kimi mövqeyini gücləndirəcək.