Avstraliyada “Coral Princess” kruiz laynerində COVID-19-a kütləvi yoluxma qeydə alınıb

94

Avstraliyanın Port-Duqlas limanından Brisbenə hərəkət edən “Coral Princess” kruiz laynerində 100-dən çox sərnişinin və heyət üzvünün COVID-19 virusuna kütləvi yoluxması qeydə alınıb.

AZƏRTAC xəbər verir ki, bu barədə “9News” telekanalı məlumat yayıb. Bildirilir ki, bu, 2022-ci il mayın 30-dan bəri kütləvi yoluxmanın qeydə alındığı ilk haldır. Virusa yoluxanlar ya sahilə təxliyə edilib, ya da digər sərnişinlərdən təcrid olunublar. Bununla yanaşı, gəmidə hələ də 2 min nəfərin qaldığı qeyd olunur.

Laynerin operatorunun nümayəndəsinin bildirdiyinə görə, virusa yoluxanların əksəriyyəti heyət üzvləridir və onların hamısı sanitar tələblərə müvafiq olaraq, koronavirusa qarşı peyvənd olunublar. Hazırda təcrid edilənlərdə xəstəliyin simptomları ya müşahidə olunmur, ya da tənəffüs yollarında yüngül problemlər var.

Laynerin əvvəlki marşrut üzrə hərəkətini davam etdirəcəyi, Sidneydən 470 kilometr cənubda yerləşən İden şəhərində dayanacağı və sonradan Sidneyə geri dönəcəyi qeyd edilir.

Əlavə olaraq bildirək ki, Avstraliyada kruiz laynerlərin limanlara daxil olması barədə qadağa 2022-ci il aprelin 18-də aradan qaldırılsa da, kruiz gəmilərin operatorlarının fəaliyyəti mayın sonlarında bərpa edilib.