Küləkdə gəmilərin sığındığı məkan

232

Gündəlik hava haqqında məlumatda güclü küləyin olacağı bildiriləndə açıq dənizdə olan gəmilərə sığınacaqlara getmələri məsləhət görülür. Açıq dənizdə gəmi hara sığına bilər? Bu yer necə seçilir? Gəmi kapitanları belə hallarda hansı təhlükəsizlik tədbirlərini görür?

Bu mövzuda oxucularımıza daha ətraflı və dəqiq məlumat vermək üçün suallarımızı Azərbaycan Dövlət Dəniz Akademiyasının “Dəniz naviqasiyası mühəndisliyi” kafedrasının müdiri, texnika elmləri üzrə fəlsəfə doktoru, uzaq səfərlər kapitanı Həzi Nəbiyevə ünvanladıq.

-Həzi müəllim, gəmi niyə sığınacağa getməlidir?

– Bunun üçün bir çox səbəblər vardır. Belə ki, fırtına zamanı gəmi güclü külək və dalğaların təsirinə məruz qalır və bu zaman gəminin dənizçilik xüsusiyyətləri aşağı düşür, bu isə gəminin idarə edilməsi üçün xüsusi bacarıq və tədbirlər tələb edir.

-Güclü dalğalarda hansı fəsadlar baş verə bilər?

– Böyük dalğalarda gəmi böyük krenə (yana əyilmə), gəminin göyərtəsinin su ilə basılmasına, göyərtələrə və kapitan körpüsünə böyük miqdarda suyun sıçramasına, gəminin gövdəsi isə güclü dinamik yüklənmələrə məruz qalır. Eyni zamanda, gəminin sürəti azalır, idarə olunma qabiliyyəti pisləşir və aşağı temperatur olan akvatoriyalarda göyərtələrə və kapitan körpüsünə sıçrayan suların donması nəticəsində buzlanma mümkündür.

Pis hava şəraitində üzərkən gəminin məruz qaldığı təhlükəli proseslərdən biri də sleminqdirSleming-gəminin korpusun burun hissəsinin alt tərəfinin yuxarı qalxaraq açıq qaldıqda və sonra aşağı düşərək zərblə dalğa toqquşması nəticəsində baş verir.

Bu zaman əmələ gələn böyük dinamik yüklər gövdə strukturlarına və avadanlıqlarına ciddi ziyan vura bilər. Dalğaların hündürlüyü və gəminin sürəti böyük olduqca sleming zərbələrinin artma ehtimalı çoxalır. Sürəti azaltmaqla və ya gəminin burun suya oturumunu artırmaqla sleminqin təhlükəli təsirlərini azaltmaq olar.

-Bəs gəmi sürücüsünün üzərinə düşən vəzifə nədir belə hallarda?

– Ümumiyyətlə gəmi sürücüləri öz gəmilərinin dənizdə üzmə yararlılığını təmin etmək üçün bütün vasitələrdən rasional istifadə etməyi bacarmalıdırlar. Gəmilər dənizdə olarkən mütəmadi olaraq sahil stansiyaları tərəfindən ötürülən hava proqnozlarını alır. Əlverişsiz hava proqnozu olduqda və ya onun pisləşməsi əlamətləri görünsə, gəmi hər cür ehtiyatla tufanlı hava şəraitində üzməyə hazır olmalıdır. Fırtınada gəmini idarə etmək ilk növbədə gəmi sürücülərindən və heyətdən fırtına şəraitinin gəmiyə təsir edən bütün faktorları bilməyi və onu nəzərə almağı tələb edir.

– Belə hallarla rastlaşanda nə etmək lazımdır? Təcrübə nə deyir?

– Yaxşı dəniz təcrübəsi tələb edir ki, naviqasiya sahəsindən və hava proqnozundan asılı olmayaraq, gəmi səyahətə çıxmazdan əvvəl hər hansı hava dəyişikliyinə hazır olmalıdır. Buna görə də, fırtınalı havada üzməyə hazırlıq hətta limanda səyahət tapşırığı alındığı andan başlamalıdır. Tufan zamanı görülməsi tələb olunan tədbirlərdən biri də gəmini tufandan qaçırdıb sığınacaqlarda lövbərə durmaqdır. Sığınacaq limanına və ya yerinə getmək qərarı, gəminin səfərinin davam etdirilməsinin ekipajın, ətraf mühitin təhlükəsizliyi və gəminin özü üçün təhlükəli olacağına əmin olduqdan sonra gəmi kapitanı tərəfindən qəbul edilir.

-Sığınacaq yeri necə seçilir?

– Sığınacaq yeri – naviqasiya üçün mövcud olan təhlükəli meteoroloji şəraitin yaxşılaşmasını gözləmək, bu və ya digər səbədən yardıma ehtiyacı olan gəminin vəziyyətini sabitləşdirmək, naviqasiya üçün təhlükələri azaltmaq və insan həyatını və ətraf mühiti qorumaq üçün tədbirlərin görülə biləcəyi su akvatoriyasıdır. Sığınacaq yerinin təyin edilməsi faktiki vəziyyətdən asılı olur və diqqətlə seçilməlidir və bu zaman aşağıdakı faktorların təmin edilməsi nəzərə alınmalıdır:

  • · Gəminin bortunda olan şəxslərin təhlükəsizliyi və mühafizəsi;
  • · Gəminin və yükün təhlükəsizliyi;
  • · Dəniz və sahilyanı rayonların mühafizəsi;
  • · Həssas qurğuların mühafizəsi və əraziyə sosial-iqtisadi təsiri;
  • · Külək və hava proqnozlarının sonrakı dəyişilməsi;
  • · Gəminin naviqasiya cəhətdən təhlükəli olan terminallara və/yaxud obyektlərə təsiri və yaxınlığı;
  • · Dalğıclar tərəfindən gəminin struktur bütövlüyünün qiymətləndirilməsini təmin etmək üçün sualtı görünmə məsafəsinin yaxşı olması və yerin hava şəraiti nəzərə alınmaqla su tədqiqatları üçün uyğun olması;
  • · Üstün hava şəraitinə uyğun olaraq suyun dərinliyinin və dənizin dibinin lövbər atmaq üçün yararlı olması;
  • · Yedəkdə olan gəmini idarə etmək üçün adekvat manevr sahəsinin olması;
  • · Xilasetmə və çirklənməyə ilə mübarizə avadanlıqlarını istifadəsi üçün quru və dəniz yolu ilə çatdırılmasının mümkünlüyü;
  • · “Beynəlxalq gəmi və liman təsisi təhlükəsizlik” kodunun tələblərinə uyğun olan təhlükəsizlik tələblərinə cavab verməsi;

Onu da əlavə edim ki, Beynəlxalq Dəniz Təşkilatının Assambleyası 5 dekabr 2003-cü il tarixdə bu barədə “Köməyə ehtiyacı olan gəmilər üçün sığınacaq yerləri haqqında” A.949(23) saylı qətnamə də qəbul etmişdir.

-Həzi müəllim, suallarımızı cavablandırdığınız üçün sizə təşəkkür edirik.

Müsahibəni aldı:                                 Musa Əliyev

                                                          ASCO-nun İctimaiyyətlə Əlaqələr

                                                           Departamentinin mütəxəssisi

seanews.az