Tanınmış kapitana aid əşya və sənədlər “Suraxanı” gəmi-muzeyinə təhvil verilib

287

Ömrünün böyük hissəsini gəmiçiliyə həsr edən, tanınmış kapitan Bayram Nəğdəliyevə aid əşya və sənədlər “Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi” QSC-nin (ASCO) “Suraxanı” gəmi-muzeyinə təhvil verilib.

Kapitana məxsus şəxsi əşyalar, diplom, orden və medalları onun ailəsi muzeyə təqdim edib. Sənəd və əşyalar gəmi-muzeyin ekspozisiya bölümünün əməkdaşı tərəfindən xüsus akt əsasında gələcəkdə eksponat kimi sərgilənməsi üçün təhvil götürülüb.

Qeyd edək ki, Bayram Nəğdəliyev 1932-ci ildə Qubada anadan olub.

O, 5 yaşında valideynlərini itirib və uşaq evinə yerləşdirilib. Bilik və bacarıqlarına görə oradan Bayramı Bakı məktəblərindən birinə göndəriblər.

Bayram Nəğdəliyev 1947-1952-ci illərdə  Bakı Dənizçilik Məktəbində təhsil alıb. Təhsilini başa vurduqdan sonra matros kimi əmək fəaliyyətinə başlayıb və qısa müddətdə uzaq səfərlər kapitanlığına qədər yüksəlib.

Bayram Nəğdəliyev 1958-ci ildə Azərbaycanda Sovet hakimiyyətinin qurulmasının 38-ci ildönümü ilə əlaqədar “Gəmiçiliyin fəxri fərmanı”na layiq görülüb. 1964-ci ildə “Donanmanın fəxri işçisi” döş nişanı, 1966-ci ildə “Qırmızı Əmək Bayrağı” ordeni, 1968-ci ildə General Həzi Aslanov gəmisində uzunmüddətli və qüsursuz əməyə, Xəzər dənizində neft daşımalarının inkişafında fəal iştirakına görə “Gəmiçiliyin fəxri diplomu”, 1970-ci ildə mülki müdafiədə problemlərin yüksək keyfiyyətlə həllinə görə “Gəmiçiliyin fəxri fərmanı”, 1970-ci ildə KKSR Komandanlığının göstərişi ilə fəaliyyətini mükəmməl yerinə yetirdiyinə görə “Gəmiçiliyin fəxri fərmanı”, 1970-ci ildə Xəzər Dəniz Gəmiçiliyinin yaradılmasının 50 illiyi şərəfinə “Gəmiçiliyin fəxri fərmanı”, 1971-ci ildə II idarənin xəttində təşəbbüskarlığına görə “Gəmiçiliyin fəxri fərmanı”, 1972-ci ildə REDUT təlimində aktiv fəaliyyətinə görə “Fəxri fərman”, 1973-cü ildə SSRİ mülki müdafiə əlaçı tələbəsi döş nişanı ilə təltif edilib. 1982-ci ildə dəniz nəqliyyatında uzun illər ı fəaliyyətinə görə və anadan olmasının 50 illiyi ilə əlaqədar Hərbi Dəniz Qüvvələri Nazirliyinin diplomu, 1984-cü ildə müəssisələr arasında dəniz əlaqələrinin inkişafında fəal iştirakına görə Azərbaycan SSR Ali Soveti Rəyasət Heyətinin diplomu ilə təltif olunub. 1984-cü ildə uzun illər əməyinə və kollektivin ictimai həyatında fəal iştirakına görə Xəzər dənizi veteranı fəxri adı verilib. 1985-ci ildə uzun illər vicdanlı əməyinə görə əmək veteranı medalına layiq görülüb.

Bayram Nəğdəliyevə 2011-ci ildə Azərbaycanda dəniz nəqliyyatının inkişafında xidmətlərinə görə Prezident təqaüdü təyin edilib.