Türkiyənin ən iri qazma gəmisi Şərqi Aralıq dənizində: Qardaş ölkə qaz axtarışına başlayıb

146

İsrail qazının bir hissəsi Türkiyə üzərindən mövcud kəmərlərlə Avropaya nəql edilə bilər. Amma gələcəkdə daha böyük həcmdə nəql olunacağı nəzərə alınarsa, əlavə boru kəmərlərinin çəkilməsi də mümkündür. Paralel olaraq, Türkiyə Aralıq dənizində qaz axtarışlarına da başlayıb. 

Rusiyanın Ukraynaya hərbi təcavüzünün təsirləri Şərqi Aralıq dənizində də hiss olunur. Bölgənin enerji resursları uğrunda gərgin mübarizə gedir. Rusiya qazından asılılığa son qoymaq üçün alternativ enerji dəhlizi yaratmaq istiqamətində çoxsaylı layihələrlə çıxış edən Avropa İttifaqı Şərqi Aralıq dənizinə də xüsusi önəm verir. Aİ ümid edir ki, bu hövzənin karbohidrogen ehtiyatları onun ehtiyaclarını ödəməkdə yardımçı ola bilər. İsrailin Türkiyə ilə münasibətlərini normallaşdırması da bu planın reallaşdırılmasına xidmət edir. Yəni bu normallaşmanın arxasında da məhz enerji məsələsi dayanır. Layihənin məqsədi İsrail qazını Türkiyə üzərindən Avropaya nəql etməkdir. Türkiyə və İsrail rəsmilərinin açıqlamaları da bunu təsdiqləyir. Türkiyəli nazir Fatih Dönməz bəyan edib ki, İsrail qazının bir hissəsi Türkiyə üzərindən milli ötürmə sistemi ilə asanlıqla Avropaya nəql edilə bilər. Amma gələcəkdə daha böyük həcmdə nəql olunacağı nəzərə alınarsa, əlavə boru kəmərlərinin çəkilməsi lazım gələ bilər. Beləliklə, Avropa Rusiya qazından qurtulmaq üçün hər varianta əl atır. Türkiyənin də enerji habına çevrilmək istiqamətində rolu artır. Lakin problemlər də mövcuddur. Məsələ ondadır ki, Ankaranın özü də Rusiya qazından asılıdır. Ona görə də Rusiyanı tezliklə sıradan çıxarmaq elə də asan olmayacaq.

Mövzu ilə bağlı “Kaspi” qəzetinin yazısını təqdim edirik:

Türkiyənin ən iri qazma gəmisi Şərqi Aralıq dənizində

Konkret fəaliyyətə keçən Türkiyənin ən yeni qazma gəmisi artıq Şərqi Aralıq dənizində neft və təbii qaz axtarışlarına başlayıb. Türkiyə donanmasının sualtı karbohidrogen hasilatı üzrə aparıcı gəmisi olan “Əbdülhəmid xan” Antalya vilayətinin Qazipaşa sahilindən 55 km aralıda yerləşən Yörüklər-1 quyusunda kəşfiyyat işlərinə start verəcək. Türkiyənin “Sabah” qəzetinin Fatih Dönməzə istinadən verdiyi məlumata görə, Şərqi Aralıq dənizində aparılan işlərin Türkiyənin təbii qaz yatağı kəşf etdiyi Qara dənizdəki kimi irimiqyaslı kəşflərə səbəb olacağına ümid var. Oradakı ehtiyatların həcmi isə 540 mlrd. kub metrdir. Su sahəsinin Kiprin şimal-qərbindəki hissəsi Kipr Respublikasının iddia etdiyi sulardan kənardadır. Prezident Rəcəb Tayyib Ərdoğan gəminin işə salınma mərasimində Cənubi Kipr və Yunanıstan administrasiyalarının qazma əməliyyatlarına dair bütün etirazlarını rədd edərək Türkiyənin öz ərazisində enerji qaynaqları axtarmaq hüququna malik olduğunu vurğulayıb. “Yavuz” qazma gəmisi 2020-ci ilin sentyabrında dənizi tərk etdikdən sonra Türkiyə Şərqi Aralıq dənizinə gəmi göndərməyib. İş yerinə gələn “Əbdülhəmid xan” iki ay ərzində kəşfiyyat aparacaq. Yeddinci nəsil ən müasir texnika ilə təchiz edilmiş 68 min ton ağırlığındakı gəmi 12 min metrə qədər dərinlikdə qaza bilir. Dünyada yeddinci nəsil cəmi beş qazma gəmisi var. Qazma kəmərinin hündürlüyü 104 metr, ekipajın sayı isə 200 nəfərdir. Uzunluğu 238 metr və eni 42 metr olan gəmi Türkiyənin kəşfiyyat və qazma donanmasının ən böyük və texniki cəhətdən ən müasir gəmisidir. 

Beş-altı yüz illik qaz təminatı

Şərqi Aralıq dənizində qaz ehtiyatları kəşf edildikdən sonra sahil dövlətləri dərhal öz iqtisadiyyatlarını mümkün qədər inkişaf etdirmək üçün bu nəhəng fürsətdən istifadə etməyə başladılar. ABŞ Geoloji Xidmətinin həmin ərazidə təxminən 3,45 trilyon kubmetr olan qaz ehtiyatları barədə fərziyyələrini nəzərə alsaq, onların həyəcanını başa düşmək mümkündür. Çünki bu zəngin ehtiyatlar nəinki beş-altı yüz il qaz təminatı üçün kifayətdir, həm bu dövlətlərin milyardlarla dollar xərc qarşılığında digər dövlətlərdən qaz alışını dayandırır, həm də onları dünya ticarətində qaz tədarükçüsünə çevirir. Bu səbəbdən də, bu ölkələr Şərqi Aralıq dənizindəki qaz ehtiyatlarını araşdırmağa başladılar. Onların əksəriyyəti uğur qazandı: İsrail 900 milyard kubmetr qaz ehtiyatı təşkil edən Leviathan və Tamar, Cənubi Kipr Respublikası 320 milyard qaz ehtiyatı təşkil edən Afrodita və Kalypso, Misir isə 800 milyard kubmetr qaz ehtiyatı təşkil edən Zohr qaz yatağını kəşf etdi. Ancaq yuxarıda göstərilən üç ölkədən fərqli olaraq Türkiyə qazı bol olan bir yataq tapa bilmədi. O zaman Türkiyə iki əhəmiyyətli addım atdı. Əvvəlcə Şimali Kipr ərazində qazma işlərinə start verdi. İkincisi, İstanbulda Türkiyə prezidenti və beynəlxalq şəkildə tanınan Liviya hökuməti başçısı Fayiz əs-Sərrac “Şərqi Aralıq Dənizi Sahələrinin Razılaşdırılması” haqqında memorandum imzaladılar. Bu memorandumun Aralıq dənizi sularında qaz siyasətinə əhəmiyyətli dərəcədə təsiri var. Bu səbəbdən memorandumu “oyundəyişdirici” də adlandırmaq olar. İstanbulda memorandum imzalandıqdan sonra Yunanıstan bu bəyannamədən çox narahat olmağa başladı. Cənubi Kipr Respublikası, Aİ, ABŞ, Misir və İsrail də bu memoranduma qarşı çıxdılar. Bundan əlavə, yuxarıda adı çəkilən ölkələrin əksəriyyəti bu memorandumu qanunsuz hesab etdilər. Amma sonda Türkiyə deyən oldu.  

“Handelsblatt”:  Türkiyə Avropanı qaz böhranından xilas edə bilər,  lakin…

Qərbin nüfuzlu “Handelsblatt” qəzeti yazır ki, “Türkiyə Avropaya təbii qaz ixracında Rusiyaya əsas alternativlərdən biri kimi görünür. Türkiyə siyasətçiləri və sahibkarları illərdir ölkəni “Avropa qaz mərkəzinə” çevirmək arzusunda olublar. Lakin buna maliyyə çatışmazlığından tutmuş, Yunanıstanla ərazi mübahisələri və ölkənin Ukrayna böhranındakı roluna qədər müxtəlif risklər mane ola bilər. Bundan əlavə, Türkiyənin qaz tədarükçüsü kimi mövqeyi kifayət qədər sarsıntılıdır: onun özü də böyük ölçüdə Rusiya və İrandan asılıdır. Qəzet yazır ki, Konrad Adenauer Fondu belə nəticəyə gəlib: “Cənub Qaz Dəhlizinin genişləndirilməsi və Türkiyənin Xəzər dənizi və Şərqi Aralıq dənizindəki qaz yataqlarına çıxışı olan strateji enerji qovşağı kimi istifadəsi real alternativ ola bilər”. Əlavə edilir ki, “İtaliya və Balkan ölkələri üçün Türkiyə, həqiqətən də, alternativ ola bilər. İnfrastrukturun böyük hissəsi artıq mövcuddur, hətta Bolqarıstan və Türkiyə arasında böyük ölçüdə istifadə olunmayan qaz kəməri var. Bununla belə, bir sıra maneələr var. Bunlardan ən önəmlisi və Avropada heç kimin istəmədiyi yeni asılılığa düşmək riskidir. Türkiyə rəsmi rəqəmlərə görə, keçən il ümumilikdə 47 milyard kubmetr qaz idxal edib. Bunun 26,6 milyard kub metri Rusiyanın “Qazprom” şirkətinin payına düşüb ki, bu da Türkiyədə istehlak edilən bütün qazın təxminən 45 faizinə bərabərdir. Ehtiyacın daha 16 faizi İrandan gələn qaz hesabına ödənilib. Birlikdə bu, Türkiyə idxalının, demək olar ki, üçdə ikisini təşkil edir. Eyni zamanda, 2020 və 2021-ci illərdə Rusiyadan “Türk axını” boru kəməri ilə Türkiyəyə tədarük olunan qazın təxminən yarısı Avropaya gedib. “Avropa qaz mərkəzinə” çevrilmək arzusunda olan Türkiyə artıq bunun üzərində işləyir: milyardlarla dollar sərmayə qoyur və qonşu dövlətlərlə yaxşı münasibətlərə yönəlmiş xarici siyasət yürüdür.