Xəzərin ekoloji vəziyyətinin qiymətləndirilməsilə bağlı ekspedisiyalar keçirilir

89

Xəzər dənizinin Azərbaycana mənsub bölməsində dənizin ekoloji vəziyyətinin qiymətləndirilməsi, bioloji ehtiyatlarının, hidroloji vəziyyətinin öyrənilməsi və ətraf mühitə neqativ təsirlərin müəyyənləşdirilməsi məqsədilə “Əlif Hacıyev” elmi-tədqiqat gəmisi ilə mütəmadi ekspedisiyalar keçirilir.

Bu barədə “Report”a Xəzər Kompleks Ekoloji Monitorinq İdarəsinin rəisi Nazim Mahmudov məlumat verib.

Onun sözlərinə görə, Ekologiya və Təbii Sərvətlər Nazirliyinin, Dövlət Neft Şirkətinin, Bakı Beynəlxalq Dəniz Ticarət Limanının mütəxəssislərindən və alimlərdən ibarət ekspedisiya qrupu tərəfindən elmi-tədqiqat gəmisi ilə ildə 4 dəfə Xəzər dənizində şimaldan cənuba doğru monitorinqlər aparılır.

Bildirib ki, monitorinqlər və kompleks tədqiqatlar xüsusən neft-qaz hasilatı ilə məşğul olan yerli və xarici şirkətlərin platformaları arasında – Xəzər dənizinin Azərbaycan sektorunda fəaliyyət göstərən “Bahar”, “8 mart”, “Ələt-dəniz”, “Bulla-dəniz”, “Ümid”, “Şahdəniz”, “Abşeron”, “Çıraq”, “Mərkəzi Azəri”, “Günəşli”, “Neft Daşları”, “Palçıq pilpiləsi”, “Çilov”, “Səngəçal-dəniz-Duvannı-dəniz-Xərə-Zirə”, “28 may” NQÇİ, JOCAP yataqlarında keçirilir”.

N.Mahmudov vurğulayıb ki, monitorinqlər zamanı müxtəlif koordinatlar üzrə su, qrunt, zooplankton, bentos və hava nümunələri götürülür, dəniz üzərində atmosfer havasının çirklənmə vəziyyəti öyrənilir, hidrometeoroloji ölçmələr, biomüxtəliflik tədqiq edilir.

O, həmçinin bildirib ki, keçirilən monitorinqlərin nəticələrinə əsasən, son zamanlar müasir texnologiya və avadanlıqlardan istifadə nəticəsində dənizin çirklənmə səviyyəsində azalma müşahidə olunur.