Qazaxıstanın aparıcı nəqliyyat və logistika şirkətləri Bakı Limanında olublar

114

Aktau Limanının Direktorlar Şurasının sədri və Qazaxıstan Dəmir Yolları Şirkətinin Logistika üzrə İdarəedici direktoru Yerlan Koyşibayevin rəhbərlik etdiyi Qazaxıstan nümayəndə heyəti Bakı Limanına işgüzar səfər etmişdir. Nümayəndə heyətini həmçinin Aktau Limanının İdarə Heyətinin sədri Abay Turikpenbayev, Port Kurıkın baş direktoru Serik Ahmetov, “Kedenttransservis” ASC-nin baş direktoru Arman Sultanov və başqaları müşayiət ediblər.

Qonaqlar Bakı Limanının rəhbərliyi ilə görüşüb və Bakı Limanı ilə Qazaxıstanın limanları, logistika və nəqliyyat şirkətləri arasında mövcud əməkdaşlıq sahələrini müzakirə ediblər. Görüşdə Asiya-Avropa transkontinental marşrutları üzrə multimodal daşımaların təkmilləşdirilməsi, logistika və daşımalarda qarşılıqlı işgüzar əməkdaşlığın inkişafı, o cümlədən Bakı Limanının 2-ci inkişafı mərhələsində investisiya imkanları haqqında danışıblar.

Bu, Bakı Limanı ilə “Qazaxıstan Dəmir Yolu” Milli Şirkəti arasında bu yaxınlarda imzalanmış əməkdaşlıq memorandumu çərçivəsində növbəti görüş idi.