“Türkiyə taxıl sazişini uzatmaq üçün səylərini davam etdirəcək”

112

Türkiyə İstanbulda 120 günlük taxıl sazişinin uzadılması istiqamətində səylərini davam etdirəcək.

“Report” xəbər verir ki, bu barədə Türkiyə Prezidentinin rəsmi nümayəndəsi İbrahim Kalın ABŞ-ın milli təhlükəsizlik üzrə köməkçisi Ceyk Sallivanla telefon danışığında bildirib.

Tərəflər Ukraynadakı son hadisələrlə bağlı narahatlıqlarını ifadə edərək, böhranın həlli üçün diplomatik səylərə ehtiyac olduğunu qeyd ediblər.

Qeyd edək ki, iyulun 22-də İstanbulda dünya bazarlarına ərzaq və gübrə tədarükü probleminin həlli üçün sənədlər paketi imzalanıb. Sazişlərdən biri Kiyevin nəzarətində olan Qara dəniz limanlarından taxılın ixracı prosedurunu tənzimləyir. Rusiya, Türkiyə, Ukrayna və BMT tərəfindən yaradılan İstanbulda Birgə Koordinasiya Mərkəzi silah qaçaqmalçılığının qarşısını almaq və təxribatları istisna etmək üçün taxıl daşıyan gəmiləri yoxlamaq üçün nəzərdə tutulub.