“Prezident Heydər Əliyev” tankerinin istismara verilməsindən 18 il ötür – VİDEO

120

“Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi” QSC-nin (ASCO) Dəniz Nəqliyyatı Donanmasına məxsus “Prezident Heydər Əliyev” tankerinin istismara verilməsindən 18 il keçir.

Tanker 2004-cü il noyabrın 3-də Prezident İlham Əliyevin iştirakı ilə “Yaxt klub”da təntənəli mərasimlə istifadəyə verilib.

Mərasimdə dövlət nümayəndələri ilə yanaşı, gəminin inşa olunduğu Rusiyanın “Krasnoye Sormovo” gəmiqayırma zavodununun baş direktoru Nikolay Jarkov da iştirak edib.

Prezident İlham Əliyev mərasim zamanı tankerin “Fəxri Qonaqlar Kitabı”na ürək sözlərini yazıb, gəmiyə və heyət üzvlərinə uğurlar arzulayıb: “Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin adını daşıyan tanker müstəqil dövlətimizin iqtisadi potensialının möhkəmləndirilməsində mühüm rol oynayacaqdır. “Prezident Heydər Əliyev” tankerinin ekipajına və Xəzər Dəniz Gəmiçiliyinin bütün əməkdaşlarına dövlətimizin inkişafı naminə uğurlar arzulayıram.”

Donanmanın ən nəhəng tankerlərdən biri olan “Prezident Heydər Əliyev” gəmisinin uzunluğu 149,9, eni 17,3 metr, dedveyti 13 470 tondur. 12 anbardan ibarət tankerin tam yükgötürmə qabiliyyəti 13 min tondur.

Gəminin ilk kapitanı Səlim Camayev olub.

Xəzərin flaqmanı sayılan tanker bir vaxtlar xarici sularda da üzüb. Hazırda isə Xəzərdə neft və neft məhsullarının daşınmasında uğurla istismar edilir.

seanews.az