ASCO-da Rusiya Federasiyasından olan nümayəndə heyəti ilə görüş keçirilib

122

“Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi” QSC-nin (ASCO) sədri Rauf Vəliyev Rusiya Federasiyasından olan nümayəndə heyəti ilə görüşüb.

Rusiya Federasiyası Sənaye və Ticarət Nazirliyinin, gəmiçilik və gəmiqayırma sənayesini təmsil edən müxtəlif dövlət qurumlarının və özəl şirkətlərin təmsilçilərindən ibarət nümayəndə heyəti ilə görüşdə əməkdaşlığın mövcud vəziyyəti və perspektivləri müzakirə olunub.

Rauf Vəliyev əvvəlcə qonaqlara ASCO-nun yaranma tarixi, hazırkı inkişafı və iştirak etdiyi mühüm layihələrdən danışıb, donanmalarının potensialı haqqında ətraflı məlumat verib.

Prezident İlham Əliyevin tapşırığı əsasında yaradılan Bakı Gəmiqayırma Zavodu haqqında danışan sədr bu zavodun son illər yerli gəmiqayırma sənayesinin inkişafına böyük töhfə verdiyini bildirib. Qeyd edib ki, donanmaların yenilənməsi proqramı çərçivəsində ASCO tərəfindən fəaliyyətə başladığı dövrdən indiyədək Bakı Gəmiqayırma Zavodunda 10 gəminin tikintisi ilə bağlı sifariş yerləşdirilib.

Azərbaycanın  Rusiya ilə iqtisadi əlaqələrinin uzun illərə söykəndiyini diqqətə çatdıran sədr bu əlaqələrin dərinləşməsində ASCO-nun da böyük rolu olduğunu bildirib: “Bizim donanmalarımızda mövcud olan gəmilərin bir neçəsi Rusiyanın “Krasnoye Sormovo” gəmiqayırma zavodunda inşa olunub. Həmin gəmilər bu gün də fəaliyyətimizə mühüm töhfə verirlər. Bundan başqa, gəmi təmiri sahəsində də uğurlu əməkdaşlıq etmişik”.

Rauf Vəliyev ASCO gəmilərinin Rusiyanın daxili suları və kanalları vasitəsilə xarici sulara rahatlıqla keçməsinə görə Dəniz və Çay Nəqliyyatı üzrə Federal Agentliyin rəhbəri Zaxariy Djioyevə və Rusiyanın səlahiyyətlli orqanlarına təşəkkürünü də bildirib.

Daha sonra Rusiyadan olan nümayəndə heyəti dənizçilik və gəmiqayırma sahəsində əldə olunan son nailiyyətlər, Rusiyada tikilən müxtəlif tipli gəmilər, o cümlədən bu sahədə göstərilən müxtəlif xidmətlər haqqında ətraflı məlumat veriblər.

Görüşdə nəqliyyat sahəsində tərəfdaşlığın perspektivləri ətrafında geniş fikir mübadiləsi aparılıb. Uğurlu əməkdaşlıq münasibətlərinin bundan sonra da yüksələn xətlə inkişaf edəcəyinə əminlik ifadə olunub.

ASCO.AZ