Dövlət Dəniz və Liman Agentliyində 8 Noyabr – Zəfər Gününə həsr olunan tədbir keçirilib

163

Dövlət Dəniz və Liman Agentliyində 8 Noyabr – Zəfər Gününə həsr olunan tədbir keçirilib

Dövlət Dəniz və Liman Agentliyində 8 Noyabr – Zəfər Günü ilə bağlı keçirilən tədbir  ərazi bütövlüyümüzün təmin olunması yolunda canlarını fəda etmiş şəhidlərimizin xatirəsinin  bir dəqiqəlik sükutla yad edilməsi ilə başlayıb. 

 Agentliyin İdarə Heyətinin sədri Arif Məmmədov Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusunun Vətən müharibəsində əldə etdiyi tarixi Zəfərdən, bu şanlı qələbəni şərtləndirən amillərdən danışıb. Bildirib ki, hərb meydanında əldə olunan Qələbə Prezident İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən effektiv ordu quruculuğu siyasətinin, iqtisadi inkişaf strategiyasının, uğurlu gənclər siyasətinin və beynəlxalq fəaliyyətin məntiqi nəticəsidir. 

Sədr onu da qeyd edib ki, bu tarixi Qələbə ilə Azərbaycan ərazi bütövlüyünü, tarixi ədaləti bərpa etdi və “qalib xalq” kimi yaşamaq haqqını qazandı. Vurğulanıb ki, bu Qələbə döyüş meydanında əsgər və zabitlərimizin qanı-canı bahasına əldə olunub və bu gün şəhid ailələrinə, qazilərə, müharibə əlillərinə dövlət tərəfindən lazımi diqqət və qayğı göstərilir. Eyni zamanda işğaldan azad olunan ərazilərin bərpasının və məcburi köçkünlərin doğma torpaqlarına qayıdışının qarşıda duran əsas vəzifə olduğu qeyd edilib.  

Sonra  Dövlət Dəniz və Liman Agentliyinin Vətən müharibəsi və 1-ci Qarabağ müharibəsində iştirak etmiş əməkdaşları bu tarixi günü qürurla yad edərək, müharibədəki xatirələrindən,  Azərbaycan Ordusunun döyüş meydanında qazandığı Qələbədən, üçrəngli Azərbaycan bayrağının işğaldan azad olunan ərazilərdə qürurla dalğalanmasından danışıblar. 

Tədbir 8 Noyabr – Zəfər Gününə həsr olunan filmin nümayişi ilə yekunlaşıb.