Mübariz Mədətov – 70 – VİDEO

259

Onun öz həyat fəlsəfəsi var idi. İnamına görə dənizdə də silinməz iz qoymaq mümkündür. Qoydu da! Həm də təkcə sahilində dünyaya göz açdığı doğma Xəzərdə yox. Şıltaqlığı ilə Xəzərdən geri qalmayan daha neçə dənizə adını yazdı…

Odlar yurdunun çətin olduğu qədər də şərəfli dənizçi peşəsinə könül verən neçə-neçə hünərvər oğlundan biri idi Mübariz Mədətov! Dalğalar qoynunda üzdüyü 23 ildə “üzü boz” dənizlər hər səfərdə onu neçə çətin imtahana çəksə, səhərləri dirigözlü açsa da, elə iftixarla “Dənizçiyəm!” deyirdi ki, sanki dünyanın ən rahat peşəsinin sahibi idi.

Tanrı ona ömür az yazdı – cəmi 66 il. Ürəklərdə yaşayacağına əmin olduğu üçünmü?!

Tanıyanlar deyirlər ki, mahir uzaq səfərlər kapitanı olan Mübariz  Mədətov dünyaya həm də yaxşılıq etmək üçün gəlmişdi. Və bu missiyasını da layiqincə yerinə yetirdi:əlindən tutduğu, dadına çatdığı, köməyinə yetdiyi adamların sayı-hesabı yox idi.

Mübariz İsrafil oğlu Mədətov 1952-ci il noyabrın 8-də Bakı şəhərində dünyaya göz açmışdı. Uşaqlıqdan dənizçi olmağı arzulamışdı. Elə bu arzusunu çin etmək üçün 1968-ci ildə – 25 nömrəli məktəbin səkkizinci sinfini  bitirdikdən sonra Qafur Məmmədov adına Bakı Dəniz Yolları Məktəbinə daxil olmuşdu. 1972-ci ilədək bu təhsil ocağında texnik-gəmi sürücüsü,   1973-1989-cu illərdə Odessa Ali Dəniz Mühəndisləri Məktəbində mühəndis-gəmi sürücüsü ixtisaslarına yiyələnmişdi.

Əmək fəaliyyətinə 1972-ci ildə Xəzər Dəniz Gəmiçiliyinin nəqliyyat donanmasının gəmilərində matros kimi başlamışdı, sonralar 1973-1986-cı illərdə müxtəlif təyinatlı gəmilərdə kapitanın üçüncü, ikinci, böyük köməkçisi və kapitan işləmişdi. Uzaq səfərlər kapitanı kimi dünyanın onlarla ölkəsinin limanlarına səfərlər etmişdi.

1995-ci ildə sahildə işə keçirildi. İki il Azərbaycan Dövlət Xəzər Dəniz Gəmiçiliyi Kadrlar xidmətinin rəisi işlədi. 1997-ci ildə Xəzər Dəniz Gəmiçiliyinin Sosial məsələlər və təsərrrüfat xidmətinin rəisi təyin edildi. Etibarı doğrultmağı bacardığı üçün üç il sonra – 2000-ci ilin avqustunda daha böyük və məsul vəzifəyə irəli çəkildi. Xəzər Dəniz Neft Donanmasının rəisi kimi çiyninə düşən vəzifənin də öhdəsindən layiqincə gəldi. 2014-cü ilin martından isə bir müddət  “Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi” QSC sədrinin müavini işlədi.

Dənizdə olduğu kimi, sahildə də dincliyin nə olduğunu bilmirdi. Peşəkarlığı, özünə yüksək tələbkarlığı, cavabdeh olduğu iş üçün dərin məsuliyyət hissi ona böyük hörmət qazandırmışdı.

Mübariz  Mədətovun  gəmiçiliyin inkişafı üçün göstərdiyi xidmətlər dövlətimiz tərəfindən də yüksək qiymətləndirilmişdir. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin sərəncamları ilə 2006-cı ildə  “Tərəqqi” medalına,  2012-ci ildə isə “Azərbaycanın Əməkdar mühəndisi” fəxri adına layiq görülmüşdür.

2018-ci il noyabrın 23-də haqq dünyasına qovuşan Mübariz  Mədətov sağlığında ürəklərdə özünə yer etməyi bacardığı üçün bu gün də yaşayır:onu tanıyanların qəlbində!

Dostlarının təşəbbüsü ilə uzaq səfərlər kapitanı, görkəmli dənizçi Mübariz Mədətovun əziz xatirəsinə mahnı da bəstələnib.  Söz və musiqisi Xanım İsmayılqızına aid olan “Kapitan” mahnısının ifaçısı Ramal İsrafilovdur. 

seanews.az