Xəzər dənizinin səviyyə dəyişmələri ssenariləri müzakirə olunacaq

109

İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının 27-ci Konfransının dünya liderləri Sammiti davam edir. Konfrans çərçivəsində Azərbaycanın nümayəndə heyətinin BMT Konvensiyasının rəhbəri, İsrailin və Böyük Britaniyanın tədbirdə iştirak edən nümayəndələri ilə ikitərəfli görüşləri keçirilib.

Bu barədə APA-ya Ekologiya və Təbii Sərvətlər Nazirliyindən xəbər verilib.

Bildirilib ki, görüşlərdə ölkəmizdə qeyd olunan Zəfər Günü haqqında, 30 il davam edən işğaldan sonra Qarabağın və Şərqi Zəngəzurun azad olunması və dirçəldilməsi, həyata keçirilən quruculuq işləri barədə məlumat verilib.

Ölkə başçısının tapşırıqları əsasında Qarabağ və Şərqi Zəngəzurun “yaşıl inkişaf” konsepsiyası üzərində bərpası, “ağıllı kənd”, “ağıllı şəhər”lərin yaradılması və ümumilikdə infrastruktur layihələrində “iqlimə dost” ən müasir texnologiyaların tətbiq olunması nəticəsində Azərbaycanın Paris Sazişi Çərçivəsində götürdüyü könüllü öhdəliklərin yerinə yetirilməsinə xidmət etdiyi xüsusi qeyd olunub.

İsrailin Dövlət Su Ehtiyatları Agentliyinin baş direktoru cənab Yezekil Lifşitslə keçirilən görüşdə, eyni zamanda ikitərəfli əməkdaşlıq perspektivləri, İsrailin su ehtiyatlarını idarə etmə sistemində olan təcrübə mübadiləsi məsələləri müzakirə edilib.

Ölkələr arasında Xəzər dənizinin səviyyə dəyişmələri ssenarilərinin müzakirəsi, ekspertlər səviyyəsində görüşlərin keçirilməsi planlaşdırılıb.

Böyük Britaniyanın İqlim Dəyişmələri üzrə Tərəflər Konfransının regional səfiri cənab Devid Moranla görüş zamanı da Qarabağda həyata keçirilən genişmiqyaslı layihələrlə yanaşı, Azərbaycanın istilik effekti yaradan qazların emissiyalarının azaldılmasına yönələn qlobal səylərə verdiyi töhfə haqqında məlumat verilib, regional və beynəlxalq səviyyələrdə təsirlərin yumşaldılması və uyğunlaşma sahəsində fəaliyyətlərin konsolidasiyasının vacibliyi qeyd edilib.

BMT-in Səhralaşma üzrə Konvensiyasının katibi cənab İbrahim Tiau ilə görüşdə iqlim dəyişmələri ilə bağlı baş verən su qıtlığı və quraqlığın artması şəraitində su ehtiyatlarının dayanıqlı idarə edilməsinin vacibliyi bildirilib. Təhlükəli hadisələrə dair erkən xəbərdarlıq sistemi üçün regional platformanın yaradılması sahəsində ölkədə görülən işlər haqqında məlumat verilib.