ASCO ilə BGZ arasında Ro-Pax tipli yeni gəminin inşasına dair müqavilə imzalanıb

168

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin göstərdiyi davamlı diqqət və qayğı nəticəsində son illər ölkəmizdə gəmiçilik sahəsi sürətlə inkişaf edir. Dövlət başçısının tapşırığına əsasən, Milli Gəmiçiliyin Xəzərdə aparıcı mövqeyinin qorunub saxlanılması, xarici sualarda fəaliyyətinin genişləndirilməsi, Azərbaycan ərazisindən artan tranzit yükdaşımalar üzrə tələbatın ödənilməsi məqsədilə, mütəmadi olaraq Gəmiçiliyin donanması müasir tələblərə cavab verən gəmilərlə yenilənir. 

2014-cü ildən bugünə kimi “Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi” QSC (ASCO) tərəfindən “Bakı Gəmiqayırma Zavodu” MMC-də 10 gəminin tikintisi ilə bağlı sifariş yerləşdirilib. Onlardan 9-nun, o cümlədən bir yedək, 3 sərnişin, 2 Ro-Pax tipli gəmi-bərənin və 3 tankerin tikintisi başa çatdırılaraq istismara verilib.

ASCO-nun Müşahidə Şurası tərəfindən konsepsiya nöqteyi-nəzərdən məqbul hesab edilmiş Gəmiçiliyin Strateji İnkişaf Planına uyğun olaraq donanmanın yenilənməsi istiqamətində daha bir mühüm addım atılıb. Belə ki, ASCO-nun İdarə Heyətinin sədri Rauf Vəliyev və “Bakı Gəmiqayırma Zavodu” MMC-nin İdarə Heyətinin sədri Elşad Nuriyev arasında sərnişin, avtomobil və dəmiryolu vaqonları daşıyan daha bir Ro-Pax tipli gəmi-bərənin tikintisinə dair müqavilə imzalanıb.

İmzalanma mərasimində bildirilib ki, yeni gəmi-bərə ASCO-nun balansına qəbul edilmiş “Azərbaycan” və “Zərifə Əliyeva” gəmi-bərələri ilə eyni tiplidir. Tikiləcək bu gəmi-bərə ilə də 100 sərnişin, 56 vaqon-çən və ya 46 yarımvaqon və ya 50 yarımqoşqulu yük maşını daşımaq mümkün olacaq.

Gəmi-bərənin ümumi uzunluğu 154.5 metr, eni 17.7 metr, bortunun hündürlüyü isə 7.5 metr təşkil edəcək. Dedveyti (dənizdə) 5740 ton olacaq unikal-gəmi bərə 14 uzellə hərəkət edə biləcək. Gəminin daimi heyəti isə 30 nəfərdən ibarət olacaq.

Transxəzər Beynəlxalq Nəqliyyat Marşrutu üzrə şərq-qərb və əks istiqamətdə yükdaşımaların mühüm iştirakçısı olan və uzun illərdir Xəzərdə yeganə bərə operatoru kimi fəaliyyət göstərən ASCO, eləcə də Trans-Xəzər dəhlizi üzrə yükdaşımaların bütün iştirakçıları üçün bu gəminin tikintisi çox böyük əhəmiyyətə malikdir. Yeni gəmi ASCO-nun yükdaşıma potensialının dayanıqlılığının qorunub saxlanılmasına, Xəzər üzərindən artan vaqon və TİR daşıma həcmlərinin qarşılanmasına imkan verəcək. Bu isə öz növbəsində, Azərbaycan üzərindən keçən hazırkı və perspektiv nəqliyyat dəhlizlərinin daha da inkişafına öz töhfəsini verəcək.

Asco.az