Ömrünün 50 ilini dənizçilik sahəsinə həsr edən Qulu Quliyev 80 illik yubileyini qeyd edir

129

Ömrünün 50 ilini dənizçilik sahəsinə həsr edən Qulu Böyükağa oğlu Quliyev 80 illik yubileyini qeyd edir.

Bu münasibətlə ASCO-nun Sosial inkişaf və nəqliyyat departamentinin və  Dəniz Nəqliyyatı Həmkarlar İttifaqı Respublika Komitəsinin əməkdaşları veteran dənizçini evində ziyarət ediblər.

Görüşdə yubilyarın gəmiçilik sahəsindəki xidmətləri xatırlanıb.

Həmkarları ona bütün dənizçilərin xoş sözlərini çatdırıb, cansağlığı, uzun ömür arzulayıblar. Yubilyar diqqət və qayğıya görə ASCO ailəsinə təşəkkürünü bildirib.

Qeyd edək ki, Qulu Quliyev 25 dekabr 1942-ci ildə anadan olub.

O, 1965-ci ildə Bakı Dənizçilik Məktəbinin “gəmi sürücülüyü” ixtisasını bitirərək Azərbaycan Xəzər Dəniz Gəmiçiliyinin gəmilərində əmək fəaliyyətinə başlayıb. 1968-ci ildə Xəzər Dəniz Neft Donanmasının Kadrlar şöbəsinə böyük mühəndis kimi işə düzəlib. Bir müddət sonra Kadrlar şöbəsinin rəisi vəzifəsinə irəli çəkilib. Qulu Quliyev ayrı-ayrı vaxtlarda XDND-nin Təhlükəsizlik üzrə baş mühəndisinin müavini, Gəmilərin istismarı şöbəsinin rəis müavini vəzifələrində də çalışıb.

1992-ci ildə Azərbaycan Dövlət Neft Şirkətində fəaliyyətə başlayan Qulu Quliyev əvvəlcə Dəniz nəqliyyatı şöbəsinin rəis müavini, daha sonra Dəniz Nəqliyyatı İdarəsinin rəis müavini işləyib.

Qulu Quliyev 2014-cü ildə təqaüdə çıxıb.

Yubilyar 24 iyun 2015-ci Azərbaycan Respublikası Prezidentinin Sərəncamı ilə dəniz nəqliyyatının inkişafında xidmətlərinə görə Azərbaycan Respublikası Prezidentinin fərdi təqaüdünə layiq görülüb.

İşgüzarlığı, məsuliyyəti və səmimiyyətinə görə hər zaman xüsusi hörmətlə xatırlanan Qulu Quliyevi 80 illik yubileyi münasibətilə təbrik edir, ona cansağlığı, xoş günlər arzulayırıq.