IMO-da istixana qazı emissiyalarının azaldılması üzrə strategiya layihəsi yenidən işlənib

146

Gəmilərdən istixana qazı emissiyalarının azaldılması hazırda IMO-nun tənzimləmə işinin qlobal və ən aktual mövzusudur.

“Seanews.az”ın məlumatına görə, dekabrın 5-9-da Beynəlxalq Dəniz Təşkilatının (IMO) mənzil-qərargahında Dəniz Ətraf Mühitin Mühafizəsi Komitəsinin (MEPC) nəzdində yaradılmış Gəmilərdən İstixana Qazları Emissiyalarının Azaldılması (ISWG-GHG13) üzrə Sessiyalararası İşçi Qrupunun 13-cü iclasında 2018-ci ilin aprelində qəbul edilmiş İlkin Strategiyanı əvəz edəcək gəmilərdən istixana qazları emissiyalarının azaldılması üzrə Yenidən İşlənmiş IMO Strategiyasının hazırlanması üzrə konkret təkliflər götür-qoy edilib. Bundan əlavə, gəmilərdən istixana qazı emissiyalarının azaldılması üçün ortamüddətli tədbirlərin hazırlanması və təklif olunan tədbirlərin dövlətlərə təsirinin müzakirəsi də diqqət mərkəzində olub.

Əsasən Avropa ölkələrindən, ABŞ-dan, Kanadadan olan nümayəndə heyətləri gəmilərdən istixana qazı emissiyalarının azaldılması tələblərini gücləndirməkdə israr ediblər. Xüsusilə, 2008-ci ilin göstəriciləri ilə müqayisədə İlkin Strategiyada təklif edilən 70% azalma əvəzinə 2050-ci ilə qədər tullantıların sıfır səviyyəsinə nail olmaq təklif edilib. Əlavə hədəflər kimi 2030 və 2040-cı illərin də daxil edilməsi təklif edilib.

Çin, Hindistan, Birləşmiş Ərəb Əmirlikləri, Argentina, Braziliyanın nümayəndə heyətləri diqqəti lazımi texnologiyaların və yeni yanacaq növlərinin vaxtında işlənib hazırlanmasının və yalnız bundan sonra gəmilərdən istixana qazlarının azaldılması üzrə vəzifələrin həcminin müəyyən edilməsinin vacibliyinə yönəldiblər.

Hazırda gəmilərdən istixana qazı emissiyalarını tamamilə dayandıra biləcək texnologiyalar yoxdur. Bu, yalnız maye-duz nüvə reaktoru, ammonyak, hidrogen və bioyanacaq əsasında enerji mənbəyi hesab edilən alternativ yanacaqlardan istifadə etməklə mümkün olacaq.