2022-ci ildə 115 pirat hücumu hadisəsi qeydə alınıb

101

Beynəlxalq Dəniz Bürosu (IMB) 2022-ci ildə dəniz quldurluğu ilə bağlı 115 hadisə qeydə alıb. Bu, demək olar ki, son üç onillikdə ən aşağı göstəricidir.

“Seanews.az” xəbər verir ki, 2022-ci ildə bütün pirat hadisələrinin üçdə biri Sinqapur boğazlarında baş verib. Eyni zamanda, boğazlardan keçən gəmilərə edilən 38 hücumun hamısında dəniz quldurları gəmiyə minə biliblər. 2021-ci ildə 35 belə hadisə  olub.

Dəniz quldurlarının göyərtəsinə qalxa bildikləri gəmilərin əksəriyyətinin dedveyti 50000 tondan, o cümlədən altı gəminin dedveyti 150 000 tondan çox olub.

Bu 38 hadisədə iki heyət üzvü təhdid edilib, dörd nəfər isə hücum zamanı girov götürülüb. Ən azı üç insidentdə dəniz quldurları dənizçiləri odlu silahla hədələyiblər.

Bir vaxtlar dəniz quldurluğu daha çox qeydə alınan Qvineya sularında 2021-ci ildə 35 hadisə ilə müqayisədə 2022-ci ildə 19 hadisə baş verib. Bununla belə, IMB 2022-ci ilin son rübündə iki hücumun baş verdiyini nəzərə alaraq ayıq-sayıq olmağın zəruriliyini bildirir.

Eyni zamanda, IMB güman edir ki, dəniz quldurları ilə bağlı bütün insidentlər heyətlər və şirkətlər tərəfindən bildirilmir, bəziləri barədə isə gec məlumat verilir.