“Bərdə” gəmi-bərəsi əsaslı təmir olunaraq yenidən istismara qaytarılıb

118

“Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi” QSC-nin (ASCO) Dəniz Nəqliyyatı Donanmasına məxsus “Bərdə” gəmi-bərəsi əsaslı təmir edilib.

Bu barədə “Report”a ASCO-dan məlumat verilib.

Məlumata görə, “Zığ” Gəmi Təmiri və Tikintisi Zavodunda gəmi-bərənin baş və köməkçi mühərrikləri, nasos və soyuducuları əsaslı təmir edilib. Gəminin köməkçi buxar qazanında və köməkçi qazanında zəruri işlər yerinə yetirilib. Gəmi üzrə gövdə qaynaq, boruquraşdırma, avtomatika işləri görülüb, elektrik avadanlıqları təmir olunub, yeni kompressorlar quraşdırılıb.

Rabitə və elektroradionaviqasiya sahəsinə aid müasir, yeni tip stasionar ultra qısa dalğalı radiostansiyalar, qəza-xilasetmə radiostansiyalar və radiovericilər, Avtomatik İdentifikasiya Sistemi (AİS), radiolokasiya stansiyası quraşdırılıb.

Bundan başqa, gəmi-bərənin yaşayış və xidməti otaqları müasir tələblər səviyyəsində təmir edilib, yeni mebellər quraşdırılıb.

“Bərdə” gəmi-bərəsinin sualtı və suüstü hissəsi, baş göyərtəsi də obraziv qumla təmizlənərək rənglənib.

Dəniz-sınaq yoxlamasından uğurla çıxan gəmi-bərə yenidən istismara qaytarılıb.

Uzunluğu 154,5, eni isə 17 metr olan gəminin maksimal sürəti 12,5 uzeldir.