® Rəşad Şəkərov: Hazırda alternativ enerjinin gəmilərdə tətbiqi layihəsi üzərində işləyirik

622

Yerli bazarda rəqibi olmayan “Azerbaijan Maritime, Engineering and Construction (AMEC)” şirkəti öz fəaliyyətində aktual və qlobal problemləri nəzərə almaqla yanaşı, daim yeniliklər etməyə can atır. Şirkət unikal layihələri ilə ölkəmizdə fəaliyyət göstərən xarici şirkətlərlə rəqabət aparır. Şirkətin əsas məqsədi Azərbaycanı bu sahədə layiqincə təmsil etmək və beynəlxalq müstəviyə çıxmaqdır. AZƏRTAC-ın müxbiri AMEC şirkətinin təsisçisi və rəhbəri Rəşad Şəkərovla həmsöhbət olub. Həmin müsahibəni təqdim edirik.

– “Azerbaijan Maritime, Engineering and Construction” şirkəti necə yarandı və şirkətin fəaliyyət istiqamətləri hansılardır?

– AMEC-in yaradılması ideyası məndə hələ BP-də işləyərkən yaranmışdı. Apardığım ilkin marketinq araşdırmalarından məlum oldu ki, dəniz işləri üzrə məsləhət, gəmilərin yoxlanılması və mühəndis işlərinin görülməsi sahəsində yerli bir şirkət yoxdur. Odur ki, belə bir milli şirkəti təsis etmək qərarına gəldim. Bu sahədə mənim kifayət qədər təcrübəm var idi, lakin ümid etdiyim dəstəkləri ala bilmədiyimdən bu, şirkətin fəaliyyəti üçün böyük çətinliklər yaratdı. AMEC 2014-cü ildən təsis edilsə də, həmin tarixdən etibarən fəaliyyətə başlaya bilmədi. Çünki, heç bir şirkət bizimlə əməkdaşlıq etmək, sifariş vermək istəmədi. Birləşmiş Ərəb Əmirliklərinin paytaxtı Əbu-Dabiyə işləməyə getmək məcburiyyətində qaldım. Xaricdə olduğum müddətdə Azərbaycanda elan olunan müxtəlif tenderlərdə iştirak etsəm də bir dəfə də olsun uğur qazana bilmədim. Lakin ruhdan düşmədim, nə vaxtsa istədiyimə nail olacağıma əmin idim. Ona görə də Azərbaycanda bu sahədəki prosesləri daim diqqətlə izləyir, biznesin təşkili, marketinq sahəsində biliklərimi və iş təcrübəmi artırırdım. İnanırdım ki, dəniz mühəndisliyi sahəsində uzun illər əldə etdiyim bilik və təcrübənin öz ölkəmizdə tətbiqinə ehtiyac yaranacaq. Bir yandan da Prezident İlham Əliyevin neft-qaz sahəsində milli kadrlardan istifadə edilməsi, milli şirkətlərin yaradılmasına üstünlük verilməsi çağırışları da məndə böyük ümid yaradırdı. Bu arzularla 2017-ci ildə Vətənə qayıtdım və böyük ümidlərlə şirkətin işini bərpa etdik. Şükürlər olsun ki, bu gün işlərimdən məmnunluq duyuram və böyük razılıq hissi ilə də qeyd etmək istəyirəm ki, o zaman bizə ilk dəstəyi, ilk sifarişi verən “Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi” Qapalı Səhmdar Cəmiyyəti (ASCO) oldu.

AMEC işə başlayanda ancaq gəmi yoxlaması və gəmilərdə əməyin təhlükəsizliyi təlimləri işlərini görürdü. Sifariş portfelimiz çox zəif idi. Hazırda şirkət beş istiqamətdə fəaliyyət göstərir: bütün növ gəmi yoxlamaları; gəmi və dəniz mühəndisliyi; dəniz layihələrinin idarə olunması; layihələr üçün tələb olunan gəmilərin icarəsi və idarəçiliyi; nəhayət, bu yaxınlarda start verdiyimiz gəmiçilik və dəniz sahəsində tikinti işləri. Sonuncu istiqamətə əsasən sualtı boruçəkmə, dib dərinləşdirmə, körpü və liman tikintisi və genişləndirmə işləri daxildir. Təvazökarlıqdan uzaq olsa da, deməliyəm ki, bütün bu fəaliyyət istiqamətlərini kompleks şəklində və peşəkarlıqla həyata keçirən bizim kimi şirkətə nəinki ölkəmizdə, heç başqa ölkələrdə də rast gəlməmişəm.

– Bildiyimizə görə, bu ildən etibarən şirkətin adını dəyişmisiniz. Bu, nə ilə əlaqədardır?

– Bəli, “Azerbaijan Marine Engineering Consultants” adını bu il yanvarın 11-dən etibarən “Azerbaijan Maritime, Engineering and Construction” olaraq dəyişdirdik. Çünki bu günədək əldə etdiyimiz uğurlara, fəaliyyət çərçivəsinin genişlənməsinə uyğunluq yaratmaq istədik. Belə ki, şirkətin gəmiçilik sahəsində addımlaması ilə yanaşı, tikinti sahəsinə də yönəldik. Su altının qazılaraq dərinləşdirilməsi, neft və qaz boru xətlərinin çəkilməsi, sərnişin, yük terminallarının dizaynının verilməsi və tikilməsi, gəmilər üçün körpülərin, dayanacaq yerlərinin tikilməsi istiqamətlərini də fəaliyyətimizin prioritetlərinə daxil etdik. Hədəflərimiz genişləndiyi üçün şirkətin adını da məqsədlərimizə uyğunlaşdırdıq.

– Şirkəti rəqiblərindən fərqləndirən əsas cəhətlər nələrdir və hansı unikal layihələri var?

– Şirkətin yerli bazarda rəqibi yoxdur. Lakin uzun illərdir Azərbaycanda öz mövqelərini möhkəmləndirən xarici şirkətlərlə rəqabət aparırıq. Şirkət təsis edildiyi gündən çox çətinliklərlə üzləşmişik. Yeni şirkət olaraq güvən qazanmaq çətin oldu, kimsə risk edib bizimlə əməkdaşlığa razılıq vermirdi. Digər şirkətləri xarici şirkətlərdən geri qalmadığımıza inandırmaq xeyli vaxt apardı. Öz fəaliyyətimizlə sübut etdik ki, həqiqətən də xarici şirkətlərlə rəqabət apara bilirik və eyni işləri onların təklif etdiyindən daha az qiymətə yerinə yetirsək də, bu, işimizin keyfiyyətinə təsir etmir. Yəni, üzərimizə götürdüyümüz bütün işləri daha yüksək keyfiyyətlə ərsəyə gətiririk. Şirkətimizin adı Azərbaycan sözü ilə başlayır. Bu, bizə böyük stimul verməklə yanaşı, məsuliyyətimizi də artırır.

Yeni minillikdə ekoloji tarazlığın qorunub saxlanması, təbii ehtiyatlardan rasional istifadə edilməsi, ətraf mühitin çirklənmədən qorunması ümumbəşəri problemə çevrilib. AMEC şirkəti də ətraf mühitin qorunması kimi ekoloji məsələlərə mühüm əhəmiyyət verir. Bərk məişət tullantılarının, xüsusilə də plastik tullantıların, kağız tullantıların düzgün idarə olunması şirkətimizin prioritet istiqamətlərindəndir. Bununla yanaşı, Xəzər dənizinin tullantılardan təmizlənməsi ilə bağlı bir neçə layihəmiz də var və həyata keçirilir.

Dövlətimizin başçısının ölkəmizdə alternativ enerji mənbələrindən istifadə edilməsi istiqamətində işlərin intensivləşdirilməsi çağırışlarını rəhbər tutaraq və problemin Azərbaycanın dənizçilik sahəsində aktuallığını əsas götürərək öz fəaliyyət dairəmizin bu yönümdə genişləndirilməsini nəzərdə tuturuq. Daha konkret desək, dənizin və atmosfer havasının çirklənməsi səviyyəsinin azaldılması məqsədilə gəmilərdə klassik enerji mənbələrinin (daxili yanma mühərrikləri, turbogeneratorlar və s.) mayeləşdirilmiş təbii qaz və ya təbii yanar qaz, hidrogen, elektrik mühərrikləri və s. alternativ enerji mənbələri ilə əvəz edilməsi kimi innovativ layihələr üzərində işləyirik. Qeyd edim ki, hesablamalara görə, ənənəvi enerji mənbələri ilə işləyən bir gəminin atmosfer havasına atdığı zərərli qazların ətraf mühitə və insan sağlamlığına ziyanlı təsiri gəmilərin ölçülərindən asılı olaraq 1 milyondan 50 milyona qədər avtomobilin havaya atdığı zərərli CO2 qazlarına bərabər tutulur. Məsələn, gəmidə quraşdırılmış elektrolizer qurğusunun dəniz suyunu tərkib hissələrinə parçalaması nəticəsində alınan hidrogen kimi alternativ enerji mənbəyi əsasında yaradılan enerji təchizatı sıstemi atmosfer havasının çirklənməsini 80, gəminin yanacaq xərclərini isə 20-25 faiz azaldır. Bakı dəniz limanı öz miqyası və sıx yaşayış sahəsinə yaxınlığı səbəbindən şəhərin atmosfer havasını ən çox çirkləndirən mənbələrdən biri hesab edilir. Ona görə də qeyd olunan ekoloji problemin həlli paytaxt üçün ən aktual və əhəmiyyətli məsələlərdən biridir.

Ümumiyyətlə, BMT-nin “Dayanıqlı İnkişaf Proqramı 2030”un qeyd olunan ilə qədər ətraf mühitin qorunması üzrə bütün dövlətlərə, gəmiçilik şirkətlərinə və digər təsərrüfat subyektlərinə yönəlmiş hədəfləri var. Həmin hədəflərə çatmaq üçün bir şirkət olaraq əlimizdən gələni edirik. Gəmilərdə alternativ enerji mənbələrindən istifadə edilməsinə aid bir layihəmiz hazırdır. Həmin layihəni yaradıcılıq təşəbbüsü qaydasında, ilk növbədə, gəmiçilik şirkətlərinə və aidiyyəti üzrə dövlət qurumlarına təqdim etməyi nəzərdə tuturuq.

– Şirkətin qarşıdakı hədəfləri barədə məlumat verə bilərsinizmi?

– Şirkətin tikinti üzrə fəaliyyət dairəsini daha da genişləndirməyi, Azərbaycan ərazisində “Saipem”, “Subsea7” kimi böyük şirkətləri əvəz etməyi, iş keyfiyyətini dünya standartları səviyyəsinə yüksəltməyi qarşımıza bir məqsəd kimi qoymuşuq. Ancaq qeyd edim ki, bu günün özündə belə həmin şirkətləri əksər sahələrdə əvəz edə biləcək gücdəyik. Eyni zamanda, AMEC bir şirkət kimi öz fəaliyyətində BMT-nin “Dayanıqlı İnkişaf Proqramı 2030” sənədinin hədəflərini (SDG-4,5,6,9,14,17) əsas məqsəd tutaraq, imkan daxilində, mərhələli şəkildə həyata keçirir. Hazırda şirkətin fəaliyyəti əsas profilinə bilavasitə aidiyyəti olan SDG14 (Life Below Water) “Dəniz və dəniz ehtiyatlarının qorunması tövsiyələrinin həyata keçirilməsi” istiqamətində başladığımız layihələrlə bağlıdır. Həmin layihələrin məqsədi “Dayanıqlı İnkişaf Proqramı 2030” hədəflərinə uyğun olaraq enerjiyə qənaət, ekologiyanın qorunması, dəniz tullantılarının idarə olunması, gəmilərdən CO2 qazının havaya atılmasının qarşısının alınması və ya azaldılmasıdır. Bu hədəflərin davamı olaraq, şirkətimiz tərəfindən gender bərabərliyini qorumaq, əmək bazarında qadınların sayını artırmaq üçün peşəkar qadın işçi kapitalının formalaşdırılması əsas məqsədlərimizdən biridir.

Həmçinin Azərbaycan şirkəti olaraq həm ölkədə çox güclü bir şirkət olmaq, həm də dünyada da tanınmaq istəyirik. Mühəndislik və tikinti şirkəti olaraq xarici ölkələrdə fəaliyyət göstərmək və ölkəmizi təmsil etmək niyyətindəyik. Təbii ki, bu, dövlətin və digər neft şirkətlərinin dəstəyi olmadan mümkün deyil. Həm dövlət, həm də digər böyük şirkətlər tərəfindən yerli şirkət olaraq bizə daha da böyümək üçün dəstək göstəriləcəyinə ümidvarıq.

– Şirkətin fəaliyyətində həssas təbəqə olan şəhid ailələri və qazilərə yönəlmiş hansısa təşəbbüslər varmı?

– Həssas təbəqə bizim fəaliyyətimizdə hər zaman nəzərə alınır. Korporativ sosial məsuliyyəti hiss edərək İkinci Qarabağ müharibəsi iştirakçılarının və şəhid ailələrinin qayğı və problemləri ilə maraqlanmağı, onlara yardım etməyi daim özümüzə borc bilirik. Düşünürəm ki, bu, hər birimizin vətəndaşlıq borcu və Zəfəri bizə yaşadanlara minnətdarlığımızın ifadəsidir.