Gənclər ümidləri doğrultmağı bacarırlar

227

Əziz gənclər!

2 fevral Gənclər Günüdür. Bu bayram yetişməkdə olan nəslə həmişə böyük ümidlə baxan Ümummilli liderimiz Heydər Əliyevin gənclərə ərməğanıdır.

Vətənpərvərlik ideyası əsasında tərbiyə olunmuş gəncliyi inkişaf mənbəyi hesab edən, gəncləri Azərbaycanın gələcəyi adlandıran Ulu öndər əmin idi ki, hər bir xalqın, millətin, ölkənin gəncləri onun həm bu günüdür, həm də sabahıdır, ümididir.

1994-cü il 26 iyul tarixli Fərmanı ilə Gənclər və İdman Nazirliyinin yaradılması da, üç il sonra fevralın 2-də Azərbaycan Gəncləri Gününün təsis edilməsi də, 1996-cı ildən başlayaraq ölkədə gənclər forumlarının keçirilməsi də müdrik dövlət xadimi Heydər Əliyevin gəncliyin inkişafına xüsusi diqqətin bariz nümunəsi idi.  

1996-cı il fevralın 2-də keçirilən Gənclərin I Forumunda Ulu öndər yetişməkdə olan nəslin qarşısında tarixi bir vəzifə qoydu: “Hər bir Azərbaycan gənci hər şeydən çox, hər şeydən artıq müstəqil Azərbaycanın bu günü, gələcəyi haqqında düşünməlidir”.

Xalqımız dövlətin sükanını Ümummilli liderin layiqli davamçısı cənab İlham Əliyevə etibar edəndən sonra gənclər siyasətinin milli tərəqqiyə təkan verən mühüm amillərdən birinə çevrilməsi üçün ardıcıl işlər görüldü.

Möhtərəm dövlət başçımızın müvafiq Sərəncamına əsasən, 2007-ci ilin “Gənclər İli” elan edilməsi, 2011-ci il dekabrın 19-da Azərbaycan Respublikasının Prezidenti yanında Gənclər Fondunun yaradılması, 2013-cü il iyulun 2-də ilk dəfə “Gənclər üçün Prezident Mükafatı”nın təsis edilməsi gənclərin ölkənin ictimai-siyasi, mədəni həyatında fəallığının daha da yüksəldilməsi üçün həyata keçirilən saysız tədbirlərin sadəcə bir qismidir.

Təsadüfi deyil ki, son illər Azərbaycan gəncliyi çox inkişaf edib. Cavanların Vətənə sevgisi isə heyrətamizdir. Məhz müstəqillik dövründə yetişmiş bu gənclər Azərbaycan naminə hər cür fədakarlığa hazırdır və bunu otuz il işğal altında qalan əzəli torpaqlarımızın geri qaytarılması zamanı bütün dünyaya sübut etdilər.

Ali Baş Komandanın da iftixarla qeyd etdiyi kimi, “Vətən uğrunda, torpaq uğrunda qabağa gedənlərin əksəriyyəti gənclər idi. Qarabağı görməyən, o acı tarixi görməyən gənclər Qarabağ uğrunda, Vətən uğrunda, milli ləyaqət uğrunda ölümə gedirdilər və şəhid oldular, qazi oldular, müzəffər ordumuzun şöhrətini yüksəklərə qaldırdılar. Hətta çətin anlarda bizim hərbçilərimiz mümkün olmayanı da reallığa çevirmişlər. Milli ruh, milli ləyaqət və vətənpərvərlik onları irəliyə aparırdı… “

Əks-hücum əməliyyatı başlayan kimi sıralarında dənizçilərin də az olmadığı yüz minlərlə gəncin əllərinə silah almaq üçün növbələrə durması əslində bir-birindən igid, cəsur, qəhrəman gənclərimizin  Odlar Yurduna sevgi hesabatı idi.

Azərbaycanın Birinci vitse-prezidenti xanım Mehriban Əliyevanın rəhbərlik etdiyi və gənclərin ən böyük himayəçisi və dəstəkçisi kimi tanınan  Heydər Əliyev Fondu tərəfindən cavanların istedad və bacarıqlarının üzə çıxarılmasına hesablanan layihələr kimi, Fondun vitse-prezidenti xanım Leyla Əliyevanın təşəbbüsü ilə həyata keçirilən tədbirlər də ilk növbədə yetişməkdə olan nəslin fəallığının artırılmasına xidmət edib və edir.

“Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi” Qapalı Səhmdar Cəmiyyətinin çoxminli kollektivinin  də  böyük bir hissəsini   gənclər təşkil edir. ASCO-nun rəhbərliyi də dəniz nəqliyyatı sahəsində qarşıda duran əksər çətin vəzifələrin həllində məhz onların istedad və bacarığına arxalanır. Azərbaycan Xəzər Dəniz Gəmiçiliyinin donanmalarında, idarə, müəssisə, təşkilatlarında… çalışan gənclər də ümidləri doğrultmağı bacarırlar.

Əziz gənclər! Sizi bayram münasibəti ilə səmimi-qəlbdən təbrik edir, sizə möhkəm cansağlığı, xoşbəxtlik, təhsildə və əməkdə yeni-yeni uğurlar arzulayıram.

Bayramınız mübarək!

Rauf  Vəliyev,                                   

“Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi”                   

Qapalı Səhmdar Cəmiyyətinin sədri

asco.az