Bu günə qədər fiziki şəxslər tərəfindən 4,235 milyon ABŞ dolları dəyərində “Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi” QSC (ASCO) tərəfindən tədavülə buraxılan “ASCO İstiqrazları”nın alınması üçün sifariş qəbul olunub.
Bu barədə “Report”un sorğusuna cavab olaraq ASCO-dan məlumat verilib.
Ötən ilin dekabrın 29-dan adıçəkilən istiqrazlara abunə yazılışı başlayıb və fevralın sonuna qədər davam edəcək.
Qurumbildirir ki, yanvar- fevral ayları bank, sığorta və digər təşkilatlarda yekunlaşan ilin dəyərləndirilməsi dövrü olduğu üçün qeyd etdiyimiz təşkilatların abunə yazılışının aktiv dövrünün fevralın ikinci ongünlüyündə olması gözlənilir: ” Ümumilikdə buraxılacaq istiqrazlar üzrə tələbin təklifdən çox olması gözlənilir”.
Bildirilir ki, istiqrazlar üzrə bütün öhdəlikləri ASCO daşıyır: “ASCO-nun səhmləri 100 % Azərbaycan dövlətinə məxsusdur.
Qurum həmçinin qeyd edir ki, Vergi Məcəlləsinə edilmiş yeni dəyişikliklərə əsasən, 2023-cü il fevralın 1-dən “ASCO istiqrazları” üzrə faiz gəlirləri fiziki şəxslər üçün 5 il müddətinə gəlir vergisindən azaddır.
Qeyd edək ki, 100 milyon ABŞ dolları dəyərində olan “ASCO İstiqrazları” “Bakı Fond Birjası” QSC-də yerləşdirilib.
Hər birinin nominal dəyəri 1 000 ABŞ dolları olan 100 min ədəd istiqrazlar 5 il dövriyyədə olacaq. Onların illik gəlirliliyi 6 %-dir. Faizlər 6 aydan bir ödəniləcək. Yerləşdirmənin anderrayteri “PAŞA Kapital İnvestisiya Şirkəti” QSC-dir.