“Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi” QSC-də (ASCO) Özbəkistan nəqliyyat nazirinin müavini Abdusamat Muminovun rəhbərlik etdiyi nümayəndə heyəti ilə görüş keçirilib.
ASCO sədrinin birinci müavini Mübariz Cabbarov qonaqlara şirkətin 165 illik zəngin tarixi və göstərdiyi çoxprofilli xidmətlər haqqında ətraflı məlumat verib. O, beynəlxalq və regional nəqliyyat layihələrinin reallaşması prosesində, eləcə də Transxəzər Beynəlxaq Nəqliyyat Marşrutu üzrə daşımalarda (TBNM) ASCO-nun rolundan da danışıb.
Azərbaycanla Özbəkistan arasında ikitərəfli münasibətlərin yüksələn xətlə inkişaf etdiyini vurğulayan tərəflər bu inkişafın nəqliyyat sahəsində də özünü göstərdiyini bildiriblər.
Görüşdə əməkdaşlığın genişləndirilməsi, tranzit daşımalarının artırılması, məlumat mübadiləsinin gücləndirilməsi ilə bağlı atılacaq addımlar müzakirə olunub.
asco.az