Əziz xanımlar, bayramınız mübarək!

429

Hörmətli xanımlar!

Azərbaycanın milli təntənələri sırasında bizə əziz olanların –  analarımızın, bacılarımızın, ömür-gün yoldaşlarımızın, qızlarımızın bayramının xüsusi yeri var. 8 Mart – Beynəlxalq Qadınlar Günündə bizim üçün həmişə fədakarlığa hazır olanların gözlərində daha çox sevinc görmək bizi də az sevindirmir.

Sizi – zərif cinsin Azərbaycan Xəzər Dəniz Gəmiçiliyində çalışan bütün nümayəndələrini Beynəlxalq Qadınlar Günü münasibətilə ürəkdən təbrik edir, hər birinizə cansağlığı, səadət və işlərinizdə uğurlar arzulayıram.

Gözəllik, sədaqət və ismət rəmzi olan Azərbaycan qadınının xalqımızın milli varlığını müəyyən edən mənəvi dəyərlərimizin, adət-ənənələrimizin qorunub saxlanmasında xidmətləri əvəzsizdir. Bəlkə ən böyük xidməti isə ocağına-yurduna sönsuz sevgisini övladlarına ötürə bilməsidir. Məhz bu amilrəşadətli Ordumuzun Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə  44 günlük Vətən müharibəsində qazadığı Zəfərdə mühüm rol oynadı. Torpaqlarımızın işğal altında olduğu dövrdə gənc nəsli vətənpərvərlik ruhunda böyüdən analarımız bununla həm də Qələbəyə zəmanət verdilər.

Ölkəmizdə qadınlara həmişə ehtiramla yanaşılıb. “Qadın bəşərə yaraşıq, zinət, insanlığa şərəf, şan-şöhrətdir. Qadın ucalıq, ülvilik məbədidir. İsmət, qeyrət, qüdrət rəmzidir”- deyən Ümummilli liderimiz Heydər Əliyev hakimiyyətdə olduğu illərdə xanımların cəmiyyətdə rolunun yüksəlməsinə xüsusi diqqət yetirirdi.

Əsası Ulu öndər tərəfindən qoyulmuş dövlət qadın siyasətinin möhtərəm Prezidentimiz İlham Əliyev tərəfindən uğurla davam etdirilməsinin nəticəsidir ki, bu gün azərbaycanlı qadınlar bütün dünyada ölkəmizi layiqincə təmsil edirlər.

Artıq həyatımızın elə bir sahəsi yoxdur ki, xanımlar orada uğurlu fəaliyyət göstərməsinlər, müstəqil Azərbaycanın qüdrətlənməsinə və davamlı inkişafına layiqli töhfə verməsinlər. Başqa sözlə,  Azərbaycan qadınları ailədə zərif çiyinlərinə düşən yükü ləyaqətlə daşıdıqları kimi, qurub-yaratmaq əzmi ilə çalışdıqları sahələrdə də  zirvələri fəth etməyi bacarırlar.  

Ana, qadın şərəfinin həmişə uca tutulduğu ölkəmizdə çoxistiqamətli fəaliyyətinin əsasını xalqına, Vətəninə sonsuz sevgi, bəşəri ideallara hörmət, humanizm təşkil edən Birinci vitse-prezident Mehriban xanım Əliyeva Azərbaycan tarixində qadın hərəkatının yeni və daha parlaq səhifəsini yazır. 

“Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi” QSC-nin  fəaliyyətini də xanımlarsız təsəvvür etmək mümkün deyil. Hazırda ASCO-nun çoxşaxəli və mürəkkəb təsərrüfatında yüzlərlə qadın çalışır.  İstedad və bacarıqlarını tam gerçəkləşdirə bilmələri üçün hər cür şərait yaradılan xanımlar gündən-günə çiçəklənən respublikamızın iqtisadi qüdrətinin artmasında əllərindən gələni əsirgəmirlər. 

Hörmətli xanımlar!

Sizi bir daha bahar  təravətli 8 Mart bayramı münasibəti ilə səmimi-qəlbdən təbrik edir, Sizə yeni-yeni müvəffəqiyyətlər diləyirəm. Gözlərinizdən sevinc, üzünüzdən təbəssüm heç vaxt əskik olmasın!

Rauf  Vəliyev,  

“Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi”

Qapalı Səhmdar Cəmiyyətinin sədri

ASCO.AZ