Türkiyə limanlarından yükdaşımaların həcmi azalmağa başlayıb

96

Fevral ayında Ceyhan limanından 5,28 milyon ton yük daşınıb

Caspian Barrel Türkiyənin Nəqliyyat və İnfrastruktur Nazirliyi yanında Dənizçilik Baş İdarəsinin hesabatına istinadən bildirir ki, 2023-cü ilin yanvar-fevral aylarında Türkiyə limanlarının yük dövriyyəsi 81,9 milyon ton təşkil edib ki, bu da ötən ilin müvafiq dövrü ilə müqayisədə 7,9% azalma deməkdir.

Fevralda Türkiyə limanlarında 37,9 milyon ton yük emal edilib. 2022-ci ilin fevral ayı ilə müqayisədə həcmlər 10,9%, 2023-cü ilin yanvar ayı ilə müqayisədə isə 13,4% azalıb.

Fevral ayında ən çox Əliağa (6,37 milyon ton), Kocaeli (6,03 milyon ton), Ceyhan (5,28 milyon ton), Mersin (3,4 milyon ton) limanlarından yük daşınıb.

Zəlzələ zamanı yanğın nəticəsində ciddi ziyan dəymiş İsgəndərun limanında yük dövriyyəsi yanvardakı 5,3 milyon tona qarşı fevralda 2,87 milyon ton təşkil edib. Türkiyənin 10 ən böyük limanı vasitəsi ilə yanvar-fevral aylarında ümumilikdə 31,8 milyon ton yük daşınıb.

Fevralda Türkiyənin ixracatının əsas istiqamətləri İtaliya (1,06 milyon ton), ABŞ (822 min ton), İspaniya (676 min ton), İsrail (672 min ton), Misir (534 min ton) olub. Əsas idxalçılar Rusiya (5,9 milyon ton), ABŞ (1,5 milyon ton), Misir (946 min ton), Yunanıstan (796 min ton) və Əlcəzairdir (762 min ton).