Dünyanın ilk tanker-muzeyinin könüllülərinə məzun sertifikatı verilib

131

“Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi” QSC-nin (ASCO) “Suraxanı” gəmi-muzeyində üç aylıq təcrübə proqramını uğurla başa vuran növbəti qrup könüllüyə məzun sertifikatı təqdim edilib.

Sertifikatların təqdimetmə mərasimində bildirilib ki, proqram çərçivəsində könüllülər muzeyin ekspozisiya, araşdırma və xüsusi layihələrin icrası sahələrində yaxından iştirak ediblər. Dünyanın ilk tanker-muzeyində gənclərə bələdçiliklə yanaşı, mühasibatlıq və informasiya texnologiyalarına dair bilik və bacarıqlarını artırmaq imkanı da yaradılıb.

Qeyd edək ki, könüllülük proqramı ASCO-nun “Suraxanı” gəmi-muzeyi və “Gənc Könüllülər” İctimai Birliyi arasında imzalanmış memoranduma əsasən həyata keçirilir. Bu memorandum könüllülük sahəsində əməkdaşlığın inkişafı, könüllü fəaliyyətinin genişləndirilməsi, könüllülərin hazırlanmasında təcrübə mübadiləsi məqsədi daşıyır.

asco.az