Dəniz Nəqliyyatı Donanmasında göz müayinəsi aksiyası keçirilib

232

“Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi” QSC (ASCO) görkəmli oftalmoloq alim, akademik Zərifə Əliyevanın anadan olmasının 100 illiyi münasibətilə “Dünyaya sağlam baxaq” devizi altında göz müayinəsi aksiyasına başlayıb.

“Paşa Sığorta” ASC və Dünyagöz Xəstəxanasının tərəfdaşlığı ilə keçirilən profilaktiki tibbi aksiyanın ilk günü Dəniz Nəqliyyatı Donanmasında (DND) təşkil olunub. 

Aksiya çərçivəsində oftalmoloqlardan ibarət heyət DND və bura yaxın ərazidə yerləşən digər strukturların əməkdaşlarını müayinələrdən keçirib.  İxtisaslı həkimlər müayinələrin nəticələrinə uyğun olaraq onlara müalicə ilə bağlı tövsiyələr veriblər.

Qeyd edək ki, oftalmoloq-həkimlər aksiya çərçivəsində 6 apreldə Xəzər Dəniz Neft Donanmasında, 11 apreldə “Zığ” Gəmi Təmiri və Tikintisi Zavodunda, 13 apreldə “Bibiheybət” Gəmi Təmiri Zavodunda, 17 apreldə ASCO-nun aparatında, 19 apreldə Azərbaycan Dövlət Dəniz Akademiyasında olacaqlar. ASCO-nun tərkibində fəaliyyət göstərən digər strukturlarda çalışan əməkdaşlar isə qeyd olunan tarixlərdə özlərinə yaxın ərazidə yerləşən idarəyə yaxınlaşmaqla müayinədən keçə biləcəklər.

Tədbirin məqsədi göz xəstəlikləri ilə bağlı monitorinqin aparılması və tibbi məsləhətlərin verilməsindən ibarətdir.