Qürurla Xatırlayırıq: Uzaq səfərlər kapitanı Cabir Məmmədov

422

Uzaq səfərlər kapitanı Cabir Məmmədtağı oğlu Məmmədov 1927-ci il mayın 12-də Bakıda anadan olub.

Atası cəbhəyə gedəndən sonra ailənin böyük oğlu  Cabir gəmi təmiri zavodunda tornaçı kimi işə düzəlib.  Lakin uşaqlıqdan kapitan olmaq arzusu onu zavodda qərar tutmağa qoymayıb. On beş yaşlı Cabir Böyük Vətən müharibəsinin qızğın çağında – 1942-ci ildə “Spartak” gəmisinin göyərtəsinə matros kimi qalxıb və taleyini həmişəlik Xəzər Dəniz Gəmiçiliyi ilə bağlayıb.

Hətta dinc dövrdə asan keçməyən dənizçi həyatının müharibə  illərində daha da ağırlaşmasına baxmayaraq, gənc Cabir kapitan olmaq  arzusundan dönməyib, hər çətinliyə qatlaşıb, təcrübəli dənizçilərdən daha çox öyrənməyə çalışıb,  tapşırıqları səylə yerinə yetirib, öz əməksevərliyi və istiqanlığı ilə heyət üzvlərinin sevimlisinə çevrilib.

Müharibədən sonrakı dövrdə – 1946-1948-ci illərdə Cabir Məmmədtağı oğlu kapitanın üçüncü, ikinci köməkçisi üzüb. 1952-ci ildə Bakı dəniz yolları məktəbini bitirdikdən sonra xaricə üzən “İrtış” gəmisinə kapitanın böyük köməkçisi göndərilib. 1964-cü ildən isə uzaq səfərlər kapitanı kimi səfər xəritəsinə İran, İtaliya, Fransa, Türkiyə və Ərəb ölkələrinin limanlarının adını yazıb.

Cabir Məmmədov mahir gəmi sürücüsü, nüfuzlu rəhbər, bacarıqlı təşkilatçı kimi tanınıb. Rəhbərlik etdiyi heyət ən mühüm tapşırıqların öhdəsindən layiqincə gəlib. Dərin biliyi, zəngin təcrübəsi, işgüzarlığı və insanlarla tez ünsiyyət qurmaq bacarığı ona Xəzər Dəniz Gəmiçiliyinin İranda Baş Dəniz Agentliyinin rəisi, Xəzər Dəniz Gəmiçiliyi rəisinin köməkçisi işləyəndə də böyük hörmət və rəğbət qazandırıb.

Cabir Məmmədtağı oğlu hami kapitan kimi də tanınmışdı. Sənətinin sirlərini öyrətdiyi yetişdirmələri – 17 uzaq səfərlər kapitanı ilə  haqlı olaraq fəxr edib.

“Dəniz Donanmasının fəxri işçisi”nin əməyi yüksək qiymətləndirilib. Xəzərin veteranının sinəsini Lenin ordeni, “Rəşadətli əməyə görə” medalı  bəzəyib.     

Böyük ürək sahibi, səmimi insan Cabir Məmmədtağı oğlu Məmmədov 1998-ci ildə yetmiş bir yaşında haqq dünyasına qovuşub.  

Sevda Abdullayeva – ASCO-nun İctimaiyyətlə əlaqələr departamentinin aparıcı mütəxəssisi