Çinin bu həftə ilk dəfə olaraq Mərkəzi Asiya liderlərinin şəxsi formatda sammitini keçirməsi dünya gündəmində əsas mövzulardan birinə çevrilməkdədir. Bir çox təhlilçilər bildirir ki, Rusiyanın Ukrayna müharibəsinə görə Qərblə münasibətlərinin pisləşdiyi bir vaxtda Pekin adətən Rusiyanın nüfuz dairəsi sayılan regionda lider kimi yerini möhkəmlədir.
Sözügedən sammitdə diqqət mərkəzinə gətrilən əsas məqamlar prezident Si Tsinpinin Qazaxıstan, Qırğızıstan, Tacikistan, Türkmənistan və Özbəkistan liderləri ilə dərinləşən iqtisadi və təhlükəsizlik bağları ilə bağlıdır. Siyasi təhlilçilər qeyd edirlər ki, Mərkəzi Asiya ölkələri Moskvanın başı Ukraynaya qarışdığı bir vaxtda investisiya sahəsində yaranmış boşluğu Pekinlə doldurmağa can atırlar. Mayın 18-də başlanan ikigünlük sammit Çinin Sian şəhərində keçirilir və “Böyük yeddilik” qrupunun mayın 19-21-də Yaponiyada keçiriləcək sammiti ilə eyni vaxta düşür. Yaponiya sammitinin mövzularından biri də Çinin artmaqda olan nüfuzunun cilovlanması yollarıdır. Bişkekdəki ATƏT Akademiyasından Adina Masalbekova deyir ki, Pekin qlobal nizama yeni alternativ yaratmağa çalışır və bu layihədə Mərkəzi Asiya ölkələrini də görmək istəyir. Çin və Mərkəzi Asiya liderlərinin ilk sammiti COVID-19 pandemiyasına görə ötən il videobağlantı formatında keçirilib. Lakin Çin rəsmilərinin dediyinə görə, Sianda liderlərin ilk üzbəüz sammitinin xüsusi rəmzi mənası var, belə ki, bu şəhər qədim İpək yolunun mühüm məntəqələrindən biridir. “Atlantic Council” analitik mərkəzinin Çin qovğasını təmsil edən və Qırğızıstanda mənzillənən eksperti Niva Yau bu görüş barədə deyib: “Bu sammitdə gözlənilən əsas kartlardan biri də Mərkəzi Asiya ölkələri məhsulları üçün Çin bazarının ciddi açılımıdır. Bu, son illərdə regionun əsas tələblərindən biri idi”. Çinin Mərkəzi Asiyanın 5 ölkəsi ilə ticarəti bu ölkələr arasında diplomatik münasibətlər qurulandan bəri ötən 30 ildə yüz dəfələrlə artıb. Çinlə sözügedən ölkələr arasında ticarət 2022-ci ilin nəticələrinə görə 70 milyard dollara çatıb. Çinin dövlət mediası sammit ərəfəsində bildirib ki, Mərkəzi Asiya regionu Pekinin “Bir kəmər, bir yol” təşəbbüsündə mühüm yer tutur. Burada həyata keçiriləcək infrastruktur layihələrini Çin prezidenti hələ 2013-cü ildə Qazaxıstana səfəri zamanı elan etmişdi. “Bir kəmər, bir yol” təşəbbüsünün iki böyük layihəsi hazırda müzakirə mərhələsindədir. Bunlar Çindən Qırğızıstan və Özbəkistana dəmir yolunun çəkilişi, Türkmənistandan qaz kəmərinin tikintisidir.Təhlilçilər deyir ki, Rusiyanın Ukrayna müharibəsinə görə sanksiyalarla üzləşdiyi bir vaxtda Mərkəzi Asiya ölkələri üçün Çin daha etibarlı partnyora çevrilir. Berlindəki “Carnegie Russia Eurasia” mərkəzindən Temur Umarovun fikrincə, Mərkəzi Asiya ölkələri üçün alternativ son dərəcə mühümdür və onlar bir nömrəli alternativin Pekin olduğunu anlayırlar. Ekspertlər bildirir ki, Çin daha geniş iqtisadi əməkdaşlıqdan regionda təhlükəsizliyin təminatı üçün istifadə etməyi planlaşdırır. Mərkəzi Asiyanın üç ölkəsi Çinin Sintzyan regionu ilə qonşudur. Pekin burada müsəlman uyğurların insan haqlarını əzməkdə ittiham olunur. Lakin Pekin əslində dini ekstremizmlə mübarizə apardığını iddia edir. Əfqanıstanda Talibanın hakimiyyətə gəlməsi Pekinin radikal qruplardan narahatlığını daha da artırıb. Amma diqqət mərkəzində yer alan əsas məsələ “Bir kəmər, bir yol” təşəbbüsüdür.
Mərkəzi Asiya ölkələri, xüsusən də Qazaxıstan və Özbəkistan, eləcə də Türkmənistan üçün “Bir kəmər, bir yol” təşəbbüsünün Xəzər dənizi və Azərbaycan üzərindən keçməsi xüsusi önəm kəsb edir. Onların bu mövqeyini Çin də nəzərə alır. Xatırladaq ki, Çin hələ 2013-cü ildə Avrasiya ölkələri arasında infrastrukturun yaradılması və qarşılıqlı əlaqələrin qurulmasına yönələn “Bir kəmər, bir yol” adlı iqtisadi inkişaf strategiyası elan edib. Strategiya iki əsas inkişaf istiqamətini nəzərdə tutur: “İpək Yolu İqtisadi Kəməri” və “Dəniz İpək Yolu”. Burada söhbət malların Şərqdən Qərbə güzəştli şərtlərlə birbaşa daşınması üçün ticarət dəhlizinin yaradılmasından gedir. Azərbaycan Çinin irəli sürdüyü “Bir kəmər, bir yol” təşəbbüsünə Qafqaz regionunda dəstək verən ilk ölkə olub. Bu baxımdan “Bir kəmər, bir yol” strategiyasının həyata keçirilməsində Azərbaycan logistika mərkəzi, qovşaq və körpü rolunu oynayır. Çin nəzərə alır ki, Azərbaycan Cənubi Qafqaz regionunda çox önəmli bir ölkədir. Şimalla Cənubun, Şərqlə Qərbin qovşağında yerləşir, Asiya və Avropa qitələri arasında körpü rolunu oynayır. Avropa ilə Çin arasında ən qısa dəmir yolu əlaqəsini təmin edən Bakı-Tiflis-Qars xətti, Bakı Beynəlxalq Dəniz Ticarət Limanı kimi önəmli infrastruktur layihələri “Bir kəmər, bir yol” təşəbbüsü və ümumilikdə regional əməkdaşlıq üçün böyük əhəmiyyət daşıyır. Bu dəmir yolu xətti sayəsində Çindən Avropaya yüklərin daşınma müddəti xeyli azalıb. Bu o deməkdir ki, Çindən daşınan yüklər iki həftə müddətində Azərbaycandan keçərək Avropaya çatır. Bakı-Tiflis-Qars layihəsi həm də Azərbaycanın dəmir yolu nəqliyyatı sahəsində çox mühüm rol oynadığını nümayiş etdirir. Hazırda bu dəmir yolu ilə yüklərin daşınması həcminin artırlması üzərində iş gedir. Bundan başqa, Zəngəzur dəhlzinin istifadəyə verilməsindən sonra “Bir kəmər, bir yol” iqtisadi inkişaf strategiyası sayəsində Azərbaycan üzərindən daha böyük həcmdə yüklər daşınacaq.
Ramil QULİYEV