“Zığ” Gəmi Təmiri və Tikintisi Zavodunda inşa olunan ilk gəmi istismara verilib

930

“Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi” QSC-nin (ASCO) “Zığ” Gəmi Təmiri və Tikintisi Zavodunda (ZGTTZ) inşa olunan ilk yedək gəmisi istismara verilib. Gəmi Xəzər Dəniz Neft Donanmasının balansına qəbul edilib.

“ASCO 1” adlı gəminin uzunluğu 26, eni 6,7, bortunun hündürlüyü 3, suya oturumu 1,8 metr, dedveyti 14 tondur. 6 nəfərlik heyətlə idarə olunan gəmi 9 uzellə hərəkət edəcək. Yedək gəmisi göyərtəsində 3 tonadək yük daşıya biləcək.

Gəminin layihələndirilməsini ASCO-nun Xəzər Dəniz Layihə Elmi Tədqiqat İnstitutunun (“Xəzərdənizlayihə ETİ”) əməkdaşları yerinə yetiriblər.

Xatırladaq ki, ZGTTZ-də geniş həcmdə peşəkar gəmi təmiri və dəniz mühəndislik xidmətləri ilə yanaşı, müvafiq sertifikatlaşma əsasında 2017-ci ildən gəmilərin tikintisi də həyata keçirilir.

Hazırda Zavodda daha 5 ədəd eyni tipli gəminin inşası davam edir. Bu gəmilərin mərhələli şəkildə istismara verilməsi planlaşdırılır.