CNN: “Rusiya İrandan aldığı hərbi texnikaları Xəzər dənizi ilə daşıyır”

241

“Xəzər dənizi, güman ki, İran istehsalı olan hücum PUA-larını daşımaq və Ukraynaya qarşı müharibə və Qərb sanksiyaları ilə əlaqədar Tehranın Kremlə verdiyi digər dəstək üçün İrandan Rusiyaya gedən əsas marşrutlardan biridir”.

Bu barədə CNN-in məqaləsində deyilir.

Bildirilir ki, jurnalistlər malların hərəkətini izləyən ekspertlərlə danışıblar, mövcud məlumatlara görə, məhz bu, Rusiyanın Ukraynaya qarşı müharibə üçün İrandan aldığı “Shahed”lərin, minaatanların və digər silahların əhəmiyyətli hissəsinin keçə biləcəyi yoldur.

Yük daşımaları haqqında məlumatlar göstərir ki, Xəzərdəki yük gəmiləri getdikcə öz transponderlərini (adətən, aktiv olan avtomatik identifikasiya sistemini) söndürür və bu, onların məxfilik üçün səbəbləri olduğuna işarə edir.

Sentyabr ayından Xəzər dənizində hərəkəti haqqında məlumatları gizlədən gəmilərin sayı xeyli artıb. Əsasən, bunlar Rusiya və İran bayraqları ilə üzən gəmilərdir, onların arasında texniki xüsusiyyətlərinə görə hərbi yüklərin daşınması üçün yararlı olan çoxlu nəqliyyat vasitəsi var.

Çox vaxt Xəzərdəki gəmilər avtomatik identifikasiya sistemini İranın Əmirabad və Ənzəli limanları yaxınlığında, həmçinin Rusiyanın Volqa və Həştərxan limanı yaxınlığında söndürürlər.

“Flightradar24”un məlumatlarına əsasən, 2022-ci ilin mayından 2023-cü ilin martına qədər İran yük təyyarələri Rusiyaya azı 85 uçuş həyata keçirib.

Analitiklərin fikrincə, İran istehsalı olan “Shahed”lərin bir qismini Rusiyaya təyyarə ilə gətirmək mümkün olsa da, dəniz yolu bir anda daha çox yük daşımağa imkan verdiyi üçün daha sərfəlidir.

oxu.az