Tağıyevin dünyaya səs salan yadigarı acınacaqlı durumda: Bankə Balıq Kombinatından FOTOREPORTAJ

503

Cəmiyyətin keçmişini özündə yaşadan tarixi abidələr, təəssüf ki, çox vaxt acınacaqlı durumları ilə gündəmə gəlir. Neftçalada yerləşən, tarixi abidə statusu alan Bankə Balıq Kombinatı da belələrindəndir.

Bir vaxtlar kombinat kimi fəaliyyət göstərən, bir əsrdən çox yaşı olan binanın hazırda restavrasiyaya ehtiyacı var.

Məkanın tarixinə gəlincə, 1842-ci ildə məşhur “Boji promısel” (indiki Neftçala rayonun Tatarməhlə kəndində) balıq vətəgəsi yanandan sonra balıq emalı Bankədə mərkəzləşdirilir.

Vaxt keçdikcə burada kiçik buzxanalar, anbarlar yaradılır, su çənləri tikilir. Balıqçılıq üçün lazım olan bütün avadanlıqlar bu dövrdə gəmi ilə Həştərxandan gətirilir.

1822-ci ildə Azərbaycanın bütün balıq vətəgələri Rusiya imperiyasının səlahiyyətində idi. 19-cu əsrin sonu – 20-ci əsrin əvvəllərində isə Kür çayı boyundakı iri vətəgələri yerli sahibkarlar işlətməyə başlayırlar. Bankə qəsəbəsindəki vətəgələri Hacı Zeynalabdin Tağıyev uzunmüddətli icarəyə götürür. 1898-ci ildə Bankə Balıq Kombinatının inzibati binası inşa edilir.

Kombinatın ətrafında ötən əsrin müxtəlif illərində tikilmiş digər tarixi binaların da günümüzə təkcə xarabalığa çevriliş mənzərəsi qalır. Balıqçılıqda xeyli işçi qüvvəsi tələb olunduğundan, demək olar ki, muzdlu əməkdən istifadə olunurdu. Yerli əhali ilə yanaşı, balıq vətəgələrində İrandan gəlmiş “həmşərilər” (İran azərbaycanlıları), ruslar, tatarlar, gürcülər və ermənilər də çalışırdılar.

Qəsəbədə fəhlələr üçün kazarmalar quraşdırılmışdı. Kombinatın inzibati işçiləri, sahibkarlar üçün isə bir-iki mərtəbəli kərpicdən hörülmüş barak evlər, ağac və taxtadan düzəldilmiş yaşayış binaları tikilirdi.

Qəsəbədə 19-cu əsrin ortalarında Bankə Balıq Vətəgəsi Xəstəxanası da istifadəyə verilir. 1850-ci ildə isə onun nəzdində Azərbaycanda ilk aptek yaradılır. Aptek bu günə kimi fəaliyyət göstərir.

Bankə Balıq Kombinatı Azərbaycanda sovet hakimiyyəti qurulanadək Tağıyevin, sonradan isə Sergey Kirovun adını daşıyıb. Müəssisə fəaliyyəti dövründə istehsal etdiyi balıq və kürüsü ilə bütün dünyada məşhur olub.

Azərbaycan müstəqilliyini bərpa edəndən sonra kombinat 1996-cı ilə kimi fəaliyyət göstərib. Bina uzun müddət baxımsız qaldığından indi uçmaq təhlükəsi ilə üz-üzədir. Bina ölkə əhəmiyyətli memarlıq abidəsi kimi qeydə alınıb.

PhotoStock.az-ın Bankə Balıq Kombinatından hazırladığı fotoreportajı təqdim edirik:

Daha çox foto burada: PhotoStock.az