Bu gün Bakı Limanında İtaliya, Tayland, Argentina, Rusiya, Hindistan, Qana, Türkmənistan və sayir kimi dünyanın müxtəlif qitələrindəki 22 ölkəni təmsil edən diplomatla görüş keçirilib. ADA Universitetinin İnkişaf və Diplomatiya İnstitutu və Azərbaycan Respublikasının Beynəlxalq İnkişafa Yardım Agentliyinin birgə təşkilatçılığı ilə həyata keçirilən proqram çərçivəsində ölkəmizdə qonaq olan diplomatlara, Bakı Limanının Avropa və Asiya arasındakı mühüm logistik əhəmiyyəti və əldə edilən nəticələrlə bağlı məlumat verilib.
Qədim İpək Yolunun mühüm bir hissəsi olan Bakı Limanının müasir logistik mərkəz kimi regionun inkişafında mühüm rol oynadığı və böyük prespektiv vəd etdiyi diqqətə çatdırılıb. Qonaqlara, mütəmadi olaraq artan yük həcminin operativ aşırılmasını təmin etmək üçün limanda həyata keçirilən və planlaşdırılan infrasturuktur layihələri ilə bağlı məlumat verilib. Dünya limanları ilə qarşılıqlı əməkdaşlığın da geniş müzakirə edildiyi görüşdə, diplomatları maraqlandıran suallar da cavablandırılıb.
Səfər iştirakçıları Bakı Limanının terminallarındakı iş prosesi ilə də yaxından tanış olublar.
Source:https://www.facebook.com/BakuSeaTradePort